...

ARDNŞ Xəzərdə yüksək debitli qaz-kondensat quyusu qazacaq

Energetika Materials 4 İyun 2010 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorundakı "Bahar" yatağında yüksək debitli qaz-kondensat quyusunda qazma işlərini davam etdirir. Bu barədə ARDNŞ-inn cümə günü yayılan məlumatında deyilir.

Məlumata görə, hazırda quyunun dərinliyi 5114 metr təşkil edir. Quyunun layihə dərinliyi 5250 metrdir. Quyu "Bahar-76" platformasından "Kompleks Qazma İşləri" trestinin "Qum adası" dəniz qazma işləri idarəsi tərəfindən qazılır.

Proqnozlara görə, quyunun sutkalıq debeti 300 min kubmetr qaz və 30 ton kondensat təşkil etməlidir.

2009-cu ilin dekabrında ARDNŞ və Bahar Energy Limited arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum Dəniz" dəniz yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair PSA tipli müqavilə imzalanıb.

Müqavilə iki hissədən ibarətdir: birinci hissə yataqlar blokunda reabilitasiyanı və hasilatın stabilləşməsini, ikincisi, "Bahar-2" perspektiv strukturunda kəşfiyyatı nəzərdə tutur. Birinci mərhələdə 50 yeni quyunun qazılması planlaşdırılır. Gələcəkdə 100 quyuda təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Müqavilə 25 il müddətinə bağlanıb və daha beş il müddətinə uzadılması mümkündür. İlkin mərhələdə ARDNŞ-nin mənfəət karbohidrogenlərinin payı 40 faiz təşkil edəcək, gələcəkdə isə 90 faizədək artırılacaq. Bu müqaviləyə qoyulacaq investisiyaların həcmi ilkin hesablamalara görə, bir milyard dollar təşkil edəcək.

Bu yataqlar blokundan hasilat 70 faiz yeni platformada həyata keçiriləcək. Mövcud infrastrukturdan maksimum istifadə planlaşdırılır.

Müqavilənin ikinci hissəsində "Bahar-2" strukturunda kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Üç il müddətində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Əgər ehtiyac yaranarsa, dördüncü il daha bir quyu qazıla bilər.

Bahar Energy Limited şirkəti BƏƏ-də "Jebel Ali" azad iqtisadi zonasının ərazisində qeydiyyatdan keçib.

1955-ci ildən istismarda olan "Qum Dəniz" yatağı Bakıdan cənub-şərqə doğru 21 kilometrlik məsafədə yerləşir. İndiyədək yataqdan 28,9 milyon tona yaxın neft və 27 milyard kubmetr qaz hasil edilib.

1969-cu ildən işlənən "Bahar" yatağı Bakının cənub-şərqindən 40 kilometr məsafədə yerləşir. İndiyədək yataqdan 16,8 milyon tondan çox neft və 128,7 milyard kubmetrə yaxın qaz hasil edilib.

ARDNŞ-nin iştirak payı 20 faiz təşkil edir, 80 faiz isə Bahar Energy Limited-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti