...

"Azərikimya" İB Etilen-polietilen zavodunun yenidən qurulması üzrə işləri davam etdirir

Energetika Materials 13 Avqust 2010 19:54 (UTC +04:00)
ARDNŞ-in "Azərikimya" İB Etilen-polietilen" zavodunda 100-dən artıq elektrik mühərrikini təmir edərək istifadəyə verib. Bu barədə ARDNŞ-in cümə günü yayılan məlumatında deyilir.
"Azərikimya" İB Etilen-polietilen zavodunun yenidən qurulması üzrə işləri davam etdirir

Azərbaycan, Bakı, 13 avqust /Trend/

ARDNŞ-in "Azərikimya" İB Etilen-polietilen" zavodunda 100-dən artıq elektrik mühərrikini təmir edərək istifadəyə verib. Bu barədə ARDNŞ-in cümə günü yayılan məlumatında deyilir.

Məlumatda deyildiyinə görə, mühərriklər zavodun piroliz, piroqazın ilkin fraksiyalara ayrılması və suyun hazırlanması, qazların sıxılması və qazayırma sexlərində istismara verilib.

Həmçinin, piroliz sexində kabel estakadasının böyük bir hissəsi sökülərək yenidən qurulub. Beləliklə, artıq sexin texnoloji avadanlıqları onları qidalandıran, bütünlüklə dəmir təbəqə ilə mühafizə örtüyünə alınmış 20-dək 380 voltluq kabel xətti vasitəsilə fasiləsiz və təhlükəsiz olaraq elektrik enerjisi ilə tam təchiz olunub. Zavodun enerji sistemində digər tədbirlər də uğurla başa çatdırılıb. Belə ki, buxar-generator kompleksindən L-38 yarımstansiyasına gedən, hər birinin uzunluğu 1 kilometrdən artıq olan 12 kabel xətti sınaqdan keçirilmiş, bəzilərində aşkar olunaraq qüsurlar aradan qaldırılmış və həmin xətlər yenidən elektrik sxeminə qoşulub.

Piroqazın ilkin fraksiyalara ayrılması və suyun hazırlanması sexində də kabel estakadasının 50 metrlik hissəsi təzələnib. Qazların sıxılması sexində kompressor-maşın zalındakı 6 istiliksaxlayıcıdan 4-də yenidənqurma işləri aparılıb, 130-dan artıq yeni işıqlandırıcı quraşdırılıb. Mərkəzi paylayıcı məntəqənin bütün yağ açarları, ayırıcılar təftiş və təmir olunub, zavodun elektrik laboratoriyasında sınaqdan keçirilərək istismara hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, bütün bu işlər ötən 23 il ərzində - 1987-ci ildə "EP-300" kompleksi və "Polimir-120" qurğuları istifadəyə verildikdən sonra ilk dəfədir həyata keçirilir.

Son günlər Etilen-polietilen zavodunun enerji təminatı sistemində aparılan təmir-bərpa işləri özünün ən irihəcmli və məsuliyyətli mərhələsinə keçmiş, hər birinin gücü, müvafiq olaraq, 40 min kilovat-amper və 63 min kilovat-amper olan iki güc transformatorunun əsaslı təmirinə başlanılıb.

Bu işlərin həyata keçirilməsi Etilen-polietilen zavodunun "EP-300" və "Polimir-120" komplekslərinin elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaradacaq.

Müəssisənin qaz və buxar xətlərinin təmiri məsələsi də diqqət mərkəzindədir.

Zavodun bütün texnoloji sexlərində buxar xətləri təftiş olunaraq təmir edilib, onların yumşaq izolə və dəmir təbəqə ilə örtülməsi işləri başa çatmaq üzrədir. Energetiklərin fikrincə, müəssisənin enerji sistemində aparılan hazırkı əsaslı təmir işləri zavodun normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər başa çatdıqdan sonra, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısının alınması, buxar xətlərinin ilk dəfə olaraq tam və bütünlüklə keyfiyyətlə izolə olunması nəticəsində müəssisədə istehsal olunacaq əmtəəlik məhsulda enerjidaşıyıcılarının xüsusi çəkisi əhəmiyyətli dərəcədə azalacaq ki, bu da məhsul çıxımının artmasına və onun maya dəyərinin minimuma endirilməsinə səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti