...

Aşqabad və Kabil TAPI qaz kəməri üzrə çərçivə sazişi imzalayıblar

Energetika Materials 31 Avqust 2010 15:42 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 31 avqust /Trend, müxbir H.Həsənov/

Türkmənistan və Əfqanıstan İslam Respublikasının hökumətləri dünən Kabildə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisinin həyata keçirilməsi üzrə çərçivə sazişi imzalayıblar.

Türkmənistan hökumətinin verdiyi məlumata görə, bu sənədin qəbulu ticari-iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Əfqanıstan hökumətlərarası komissiyasının ikinci iclası zamanı baş tutub.

Məlumatda bildirilir ki, Əfqanıstan tərəfdən iqtisadiyyat naziri Əbdülhadi Ərqandivalın başçılıq etdiyi komissiyanın üzvləri öz ölkələrinin Əfqanıstanın sosial-iqtisadi dirçəlişi məsələsində daima misilsiz yardım göstərən dost və qardaş Türkmənistanla konstruktiv qarşılıqlı fəaliyyətin mütəmadi olaraq genişləndirilməsinə böyük maraq göstərdiyini bildiriblər.

İclas iştirakçıları əminliklərini bildiriblər ki, bu irimiqyaslı layihənin həyata keçirilməsi regionda sabitliyin və sülhün möhkəmlənməsində güclü impuls olacaq, minlərlə yeni iş yerinin yaradılmasına imkan verəcək, bu əzəmətli enerji körpüsünün tikintisində iştirakçı ölkələrin gələcək sənaye potensialının inkişafına şərait yaradacaq.

İclas zamanı yanacaq-energetika, nəqliyyat, ticarət və sosial sahələrdə əməkdaşlığa dair bəzi sənədlər müzakirə edilib və imzalanıb.

Xəbər lenti

Xəbər lenti