...

ARDNŞ Türkiyədə paylayıcı qaz şirkəti almağı planlaşdırır

Energetika Materials 3 Dekabr 2010 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə paylayıcı qaz şirkəti almağı planlaşdırır. Bu barədə ARDNŞ-nin Sərmayəlar İdarəsinin rəisi, Türkiyənin "Petkim" neft-kimya kompleksinin Direktorlar Şurasının sədri Vaqif Əliyev Bakıda türkiyəli jurnalistlərə bildirib. Məlumatı cümə günü "Zaman" qəzeti yazır.

"ARDNŞ İstanbul və Ankaranın paylayıcı qaz sisteminə daxil olmağı, ayrıca paylayıcı qaz şirkəti alaraq İGDAŞ və "Başkentgaz" şirkətlərinin tərəfdaşı olmağı planlaşdırır", - Əliyev deyib.

"Zaman" qəzeti yazır ki, Azərbaycan Dövlət Neft Şirkəti İstanbuldakı İGDAŞ və Ankaradakı "Başkent Doğalgaz" şirkətləri ilə fəal şəkildə maraqlanır.

Əliyevin sözlərinə görə, ARDNŞ "Petkim" neft-kimya kompleksinin tələbatının ödənilməsi üçün Türkiyəyə 1,2 milyard kubmetr qaz satıb, onun yarısı neft-kimya kompleksinin ehtiyaclarına sərf olunub, qalan yarısı isə Türkiyə bazarında üç alıcıya satılıb.

"Biz onlara [Türkiyə bazarındakı üç alıcıya] qazı "Botaş"a satdığımız qazdan 4-5 faiz ucuz qiymətə satmışıq. Bu alıcılardan biri "Gaziantep Organize Sanayi Bölgesi" olub. Bizim üçün ən başlıcası "Petkim"in tələbatının təmin olunmasıdır. Biz qaz satışından böyük mənfəət gözləmirik, bizim məqsədimiz Türkiyənin daxili bazarlarında iştirakdır", - Əliyev deyib.

İdarə rəisi bildirib ki, ARDNŞ "Petkim" kompleksinə qoyulan investisiyaları artırmağı da planlaşdırır. Onu sözlərinə görə, 2023-cü ilədək ARDNŞ-Turcas şirkəti "Petkim" neft-kimya kompleksinə 20 milyard dollaradək sərmayə qoyulacağını güman edir.

Xəbər lenti

Xəbər lenti