Azərbaycan, Bakı, 9 dekabr /Trend/
780 meqavat gücə malik "Cənub" elektrik stansiyasının tikintisi çərçivəsində işlər qrafikə uyğun aaprılır. Bu barədə "Azərenerji" SC-nin cümə axşamı yaydığı məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, artıq maşın zalının özülü hazırdır və metal konstruksiyaların quraşdırılması həyata keçirilir. Yaxın günlərdə qaz turbini üçün avadanlıqların quraşdırılması üzrə işlərə başlanacaq.
Tezliklə üçüncü və dördüncü qaz turbinlərinin yeraltı tikililəri hazır olacaq. Boruların quraşdırılması işləri davam etdirilir.
Üçüncü və dördüncü qazanların metal konstruksiyalarının quraşdırılması üzrə işlərə başlanılıb. Birinci və ikinci qazanların metal konstruksiyalarının quraşdırılması da başa çatıb.
330/220/110 kilovoltluq qapalı yarımstansiya da quraşdırılmaya hazırdır. Burada tamamlayıcı inşaat işləri də aparılır. Baş transformatorun və daxili ehtiyaclar üçün nəzərdə tutulmuş transformatorun tarazlaşdırılmasının həyata keçirilməsi qalıb.
Məlumatda deyilir ki, inzibati binanın və yeməkxananın tikintisi başa çatmaq üzrədir.