Azərbaycan, Bakı, 23 fevral /Trend/
ARDNŞ prezidenti Rövnəq Abdullayev Londona işgüzar səfəri çərçivəsində BP şirkətinin prezidenti Robert Dadli ilə görüş keçirib. Bu barədə çərşənbə günü ARDNŞ-nin məlumatında deyilir.
Görüşdə "BP-Azərbayca"n şirkətinin prezidenti Rəşid Cavanşir və BP-nin yüksək rütbəli digər şəxsləri də iştirak edib. BP şirkətinin ARDNŞ ilə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqlarının işlənilməsi, "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft kəmətinin inşası və istismarı layihələrinin həyata keçirilməsində uzun müddətdən bəri davam edən səmərəli əməkdaşlıq münasibətləri haqqında ətraflı müzakirələr aparılıb, "Şəfəq-Asiman" yatağı üzrə görülən işlər barədə danışılıb. Tərəflər əməkdaşlığın yüksək səviyyədə olduğunu, Azərbaycan iqtisadiyyatının, xüsusilə də neft-qaz sənayesinin inkişafına böyük töhfələr verdiyini qeyd ediblər.
Görüş zamanı "Şahdəniz" yatağının işlənilməsi layihəsinin 2-ci fazası çərçivəsində gözlənilən perspektivlər, Azərbaycan qazının Avropaya nəqli, habelə Azərbaycanda və üçüncü ölkələrdə həyata keçirilən layihələrdə ARDNŞ ilə BP arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
ARDNŞ prezidenti Rövnəq Abdullayevin "EksonMobil" şirkətinin Avropa və Xəzər regionu üzrə regional meneceri Filip Malholl və şirkətin beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Stiven Menn ilə də görüşü olub.
"EksonMobil"in Azərbaycanda fəaliyyətə başlayan ilk beynəlxalq neft-qaz şirkətlərindən biri olduğunu və regional əhəmiyyətli irimiqyaslı layihələr çərçivəsində ARDNŞ ilə uğurlu əməkdaşlıq münasibətləri qurduğunu deyən Rövnəq Abdullayev qeyd edib ki, "EksonMobil" şirkəti ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün güclü zəmin yaranıb. ARDNŞ prezidenti əmin olduğunu bildirib ki, iki şirkət arasında ötən müddətdə formalaşmış işgüzar münasibətlər bundan sonra da uğurla davam etdiriləcəkdir.