...

Azərbaycan Prezidenti Dövlət Neft Fondunun 2012-ci il üçün xərclərini artırıb

Energetika Materials 9 Fevral 2012 10:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2012-ci il üçün büdcəsinə dəyişikliklər təsdiq edilib.
Azərbaycan Prezidenti Dövlət Neft Fondunun 2012-ci il üçün xərclərini artırıb

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2012-ci il üçün büdcəsinə dəyişikliklər təsdiq edilib.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı həyata keçirilən tədbirlərin vaxtında icrasını təmin etmək məqsədi ilə ARDNF-nin xərcləri əvvəl təsdiq edilmiş 10 561 304 min manata qarşı 10 751 304 min manatadək artırılıb.

Büdcəyə əsasən, ARDNF-nin gəlirləri 2012-ci il üçün 10 697 030,6 min manat səviyyəsində təsdiqlənib.

Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən 10 365 432,0 min manat məbləğində xalis gəlirlər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən 8 137 min manat həcmində akrhesabı ödənişlər, Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən 319 218,8 min manat həcmində gəlirlər və 900 min manat məbləğində digər daxilolmalar hesabına formalaşır.

Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir: Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 300 milyon manat; respublikanın 2012-ci il dövlət büdcəsinə transferi - 9 905 milyon manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 200 milyon manat; Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi- 252 484,0 milyon manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi - 20 milyon manat.

Fondunun idarə edilməsi ilə bağlı xərclər 73 820,0 min manat səviyyəsində təsdiqlənib.

ARDNF-nin aktivləri təxminən 29,8 milyard dollar təşkil edir.

Fevralın 9-na rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti