Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E. İsmayılov/
Azərbaycan alternativ və bərpa edilən enerji mənbələrinin inkişafı üçün böyük imkanlara, habelə şəraitə malikdir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.
"Azərbaycanın iri neft-qaz resurslarına baxmayaraq, alternativ enerjinin inkişafı karbohidrogen resurslarının bərpa olunmaması səbəbindən vacibdir", - Kobia deyib.
Onun fikrincə, Azərbaycanda alternativ enerjinin inkişafı ekoloji təhlükəsizlik və ölkə əhalisinin sağlam həyat tərzi üçün şəraitin təmin edilməsi baxımından əhəmiyyətlidir.
"Dövlət başçısı tərəfindən respublika üçün yeni sahə olan alternativ və bərpa edilən enerji mənbələrinin Azərbaycanda inkişafı prosesinə böyük diqqət göstərilir ki, bu da çox vacibdir", - səfir deyib.
Bu tədbir Avropa Komissiyasının enerji sahəsində islahatlar proqramına dəstək üçün 13 milyon avro həcmində qrantın istifadə edilməsi üzrə proqramın ikinci mərhələsinin başlamasına həsr edilib.
Proqram çərçivəsində alternativ elektrik enerjisi mənbələrinin inkişafı üzrə fəaliyyət planı hazırlanacaq. Həmçinin enerjidən istifadə edilməsinin səmərəliliyini artırmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə dövlət maliyyəsinin idarə edilməsi sisteminin, enerji sektorunda statistikaların təkmilləşdirilməsi nəzərdə tutulur.
Qrant vəsaitlərindən 2010 və 2011-ci illərdə müvafiq olaraq 3 milyon avro ayrılıb, qalan yeddi milyon avronun isə 2012-ci ildə ayrılması nəzərdə tutulub.