...

"Şahdəniz-2" layihəsi növbəti işlənmə mərhələsinə daxil olur

Energetika Materials 17 Aprel 2012 15:20 (UTC +04:00)
"Şahdəniz" konsorsiumu mühüm bir irəliləyişə nail olub və hesablamalara görə, 25 milyard dollarlıq "Şahdəniz-2" layihəsinin ilkin mühəndis-layihələşdirmə işlərinə başlamaq qərarını təsdiq edib.
"Şahdəniz-2" layihəsi növbəti işlənmə mərhələsinə daxil olur

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.İsmayılov/

"Şahdəniz" konsorsiumu mühüm bir irəliləyişə nail olub və hesablamalara görə, 25 milyard dollarlıq "Şahdəniz-2" layihəsinin ilkin mühəndis-layihələşdirmə işlərinə başlamaq qərarını təsdiq edib. Bu barədə çərşənbə axşamı Trend-ə "BP-Azərbaycan" şirkətindən məlumat verilib.

"Bu qərar bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə "Şahdəniz"in operatoru olan BP-nin Bakıda işgüzar səfərdə olan baş icraçı direktoru Robert Dadli arasında keçirilmiş görüş zamanı rəsmən elan edilib", - məlumatda deyilir.

"Şahdəniz-2" layihəsi "Cənub qaz dəhlizi"ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Bu gün elan edilmiş bu mühüm irəliləyişin əldə olunması konsorsiuma ilk qaz ixracına təqribən 2017-ci ilin sonlarında başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir.

"Şahdəniz-2" layihəsi ildə 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. İlkin mühəndis-layihələşdirmə işlərinin başlanması layihənin mühüm bir mərhələyə daxil olduğunu bildirir. Bu mərhələdə mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri başlanacaq.

Bu mərhələdə "Şahdəniz" konsorsiumu Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini də yekunlaşdıracaq.

"İrəliyə atılmış bu mühüm addımı elan etməkdən məmnunuq. Biz ötən iki il ərzində bu meqa-layihənin bütün ayrı-ayrı komponentləri üzrə əsaslı irəliləyiş əldə etmişik. Mühəndis-texniki tədqiqatlar, kommersiya müqavilələri və Azərbaycan dövlətinin, həmçinin digər hökumətlərin dəstəyi "Şahdəniz" konsorsiumunda ilkin mühəndis-layihələşdirmə mərhələsinə daxil olmaq üçün inam yaradır, - "Şahdəniz"in operatoru olduğu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Rəşid Cavanşir deyib. - 30 trilyondan artıq kubfut qaz ehtiyatlarına malik "Şahdəniz" yatağı əsl nəhəng bir yataqdır. 26-dan artıq quyu, iki yeni platforma, terminalın genişləndirilməsi və Avropaya 4000 km-dək yeni boru kəmərləri ilə bu iri layihələr kompleksi dünyada ən böyük neft və qaz işlənmələrindən biridir".

"Şahdəniz-2" layihəsinin "Şahdəniz-1"-dən hasil olunan ildə təxminən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.

Gözlənilir ki, Xəzər dənizində sahildən təxminən 70 km məsafədə yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, "Cənubi Qafqaz" boru kəmərinə ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. "Şahdəniz" qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

2011-ci ilin oktyabr ayında Türkiyənin boru kəməri şirkəti BOTAŞ və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalanıb - bunların hamısı Azərbaycan və Türkiyə tərəfindən imzalanmış hökumətlərarası saziş çərçivəsindədir.

Həmin tarixdən bəri Türkiyə ərazisindən potensial qaz nəqli üçün "Trans Anadolu" boru kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər imzalanıb. Qazın Avropaya daşınması üçün üç variant nəzərdən keçirilir: İtaliya marşrutu olan "Trans Adriatik" boru kəməri (TAP), Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq "Nabukko Uest" (Nabucco West) və qazı Macarıstan, Bolqarıstan və Rumıniyaya nəql edəcək Cənub-Şərqi Avropa boru kəməri (SEEP). Şahdəniz konsorsiumu marşrutun son seçimini 2013-cü ildə edəcək.

Xəbər lenti

Xəbər lenti