...

ARDNŞ-nin prezidenti BP-nin icraçı direktoru ilə görüşüb

Energetika Materials 18 Oktyabr 2012 04:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər qrupu çərşənbə günü Londonda BP-nin prezidenti Robert Dadli və həmin şirkətin hasilat və axtarış-kəşfiyyat bölümünün icraçı qrupu ilə görüşüblər.

"BP-Azərbaycan" şirkətindən Trend-ə verilən məlumata görə, görüş zamanı BP-nin rəhbərliyi razılaşıb ki, Azərbaycan dövlətinin və Azəri-Çıraq-Günəşli (AÇG) tərəfdaşlarının mənafeyi üçün yatağın neft hasilatının idarə olunması məsələsində ARDNŞ və tərəfdaşlar qrupu ilə yaxından işləməkdə davam etsinlər.

"Bu, açıq və konstruktiv bir görüş idi və qarşıda duran tapşırıq aydındır. BP Azərbaycana və dünyanın ən böyük neft yataqlarından biri olan AÇG kompleksinin səmərəli idarə olunmasına tam sadiqdir", deyə Dadli bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edərkən bildirmişdi ki, konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb.

"Kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra "Azəri", "Çıraq" neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlamışdır. Sözlərimə konkret rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 2009-cu ildə "Azəri", "Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp "Azəri", "Çıraq" yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcək", - dövlət başçısı deyib.

Prezident bildirib ki, bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Azəri", "Çıraq" neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulub. Bu günə qədər konsorsium 73 milyard gəlir götürüb.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,78 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,65 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz). Hess öz payını Hindistanın ONGC şirkətinə satıb. Şirkət razılaşmanı 2013-cü ilin ilk rübünün sonuna qədər bitirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti