...

Bakı neft emalı zavodunda çirkab sular "Eyxoniya" bitkisinin köməyi ilə təmizlənir

Energetika Materials 1 İyul 2013 20:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi istiqamətində ARDNŞ-nin bütün müəssisələrində olduğu kimi, Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) da mühüm tədbirlər həyata keçirilir. Zavodda ətraf mühitin sağlamlaşdırılması, bioloji tarazlığın təmin olunması üçün istismar müddəti başa çatmış qurğular sökülür, ərazilər metal qırıntılardan təmizlənir, neft və tullantılarla çirklənmiş sahələr münbit, əkin üçün yararlı torpaqla örtülür və yaşıllaşdırma işləri həyata keçirilir. Belə tədbirlərdən biri də texnoloji proseslər nəticəsində atılan tullantı sularının tərkibindəki neft məhsullarının miqdarının minimuma endirilməsidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə çirkab sular əvvəlcə mexaniki, sonra daha dərin bioloji təmizlənmədən keçirilir. Sənaye axarı 9 №-li sexin neft tutucularına daxil olur və orada neft məhsulları sudan ayrılır. Dövrü suyun bir hissəsi zavodun texnoloji qurğularının soyutma sisteminə, digər hissəsi isə əlavə təmizlənmək üçün "Ekol Mühəndislik Xidmətləri" QSC-yə verilir. Orada neft ayırıcılarından, purudlardan, flatatorlarından keçən sənaye axarından neft məhsulları ayrılaraq təkrar emala qaytarılır və təmizlənmiş suda karbohidrogenlərin miqdarı norma daxilində olmaqla zavodun 9№-li sexin bioloji təmizləmə qurğularına (BTQ) ötürülür. BTQ-də sənaye və məişət-təsərrüfat suyunun qarışığı I pillə-aerotenklər və çökdürücülərdən keçirilərək, xüsusi mikroblar vasitəsi ilə karbohidrogenlərdən təmizlənir və II pillə-aerotenklər və çökdürücülərə daxil olur.

Burada karbohidrogenlər xüsusi unikal "Eyxoniya" bitkisi vasitəsilə lil və mexaniki qarışıqlardan təmizlənərək, soyutma məqsədi ilə zavodun texnoloji qurğularına qaytarılır. Qalan hissə isə təyinatı üzrə axıdılır.

Qeyd edək ki, "Eyxoniya" bitkisinin kökləri suda olan çirkab vasitəsilə qidalanır və suyu təmizləyir. Bu bitki qış aylarında xüsusi isitmə yerlərində becərilir və sonra aerotenklərdə əkilir. İldən-ilə bitkinin əhatə etdiyi sahələr çoxalır. "Eyxoniya" bitkisi vasitəsilə çirkab suyun təmizlənməsi ilk dəfə olaraq Azərbaycanda Heydər Əliyev adına BNEZ tərəfindən tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti