Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir E.İsmayılov/
Avqustun 23-də "Əsrin müqaviləsi" üzrə "bp-Azərbaycan" şirkətinin operatorluğu ilə işlənilən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokuna daxil olan "Çıraq" neft yatağında həyata keçirilən layihə uğurla nəticələnib, şamda yandırılan səmt qazının həcminin əsaslı şəkildə azaldılmasına nail olunub.
Bu barədə ARDNŞ-in rəsmi saytında yerləşdirilən məlumartda bildirilir ki, bu, ARDNŞ ilə "bp-Azərbaycan" şirkəti arasında hasilat zamanı ətraf mühitin qorunması sahəsində aparılan çoxillik əməkdaşlığın yeni bir nailiyyətidir. Şamda yandırılan qazın həcminin azaldılması məqsədi ilə iki şirkətin 2010-cu ildə yaratdığı birgə İşçi qrupu tərəfindən davamlı tədbirlər həyata keçirilib, "Çıraq" yatağındakı platformada qaz-yığım kompressorları rekonstruksiya olunub, orada yumşaq qoruyucu təhlükəsizlik divarı quraşdırılıb, eləcə də ARDNŞ-nin "Azneft" İB-nin istismarında olan "Neft Daşları"nda qaz qəbul sistemi təkmilləşdirilib. Layihənin reallaşması həm iqtisadi səmərə, həm də atmosferin çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Hasil olunan qazın ümumi həcmində yandırılmaya yönələn hissə 2 faizədək endirilərək sistemə yönəldilən qazın miqdarı artırılır ki, bu da ötən 20 il ərzində bu sahədə ən yaxşı göstəricidir. Digər tərəfdən, il ərzində iqlim dəyişməsinə təsir edən təqribən 265 min ton karbon qazı ekvivalentinin atmosferə atılmasının qarşısı alınmış olur.
ARDNŞ və "bp-Azərbaycan" şirkətləri əldə olunmuş bu nailiyyətlə kifayətlənmir, qazanılan uğurları gələcəkdə inkişaf etdirmək məqsədilə birgə səylərini daha da artırırlar. Mövcud əməkdaşlıq çərçivəsində səmt qazının şamda yandırılmasını aradan qaldırmaq üçün ən son texnologiya tətbiq olunur. ARDNŞ və "bp-Azərbaycan" şirkətləri şamda yandırmanın sıfır səviyyəsinə endirilməsi istiqamətində işlərini bundan sonra da davam etdirəcəklər.