Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) emal müəssisələri Avro-3 ekoloji standartlarına cavab verən benzin və dizel yanacağı istehsal etmək gücündədir. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, emal zavodlarının qurğularında aparılan işlər sayəsində mümkün olub: "Avro-3 və Avro-4 arasında fərq var və buna görə də yaxın vaxtlarda ARDNŞ ilə birgə yanacağa tətbiq edilən Avro-3 dövlət standartı hazırlanacaq və təsdiq ediləcək".
Yanacağa tətbiq edilən daha yüksək standartlara keçid mərhələli şəkildə həyata keçiriləcək.
S.Abdullayev qeyd edib ki, Standartlaşdırma Komitəsi yanvar-fevral aylarında Azərbaycanda yeni emal kompleksinin yaradılması çərçivəsində hazırlanan min standartdan təqribən 50-ni təsdiq edəcək: "İstifadəsi ətraf mühitə və vətəndaşların sağlamlığına mənfi təsir edən köhnə avtomobillərin dövriyyədən mərhələli qaydada çıxarılması mexanizminin tətbiqinə dair müxtəlif strukturlarla danışıqlar aparılır".
Avro-3-ə keçmədən Avro-4 ekoloji standartlarının avtomobillərə tətbiq edilməsi ölkənin yüksək inkişaf tempi ilə bağlıdır. Avtomobillərə qarşı ekoloji tələblərin sərtləşdirilməsi ətraf mühitin və vətəndaşların səhhətinin yaxşılaşmasına kömək edəcək.