İngilis xəbərlər xidmətinin rəhbəri
Aynur Qasımova - Trend:
Bu gün Avropanın enerji siyasətinin əsasını qitənin enerji təhlükəsizliyinin təminatı təşkil edir və Avropa alternativ mənbələrdən karbohidrogenlərin tədarükünün təmin olunmasına yönəlib. Lakin bu gün Avropa kütləvi informasiya vasitələrinin yaydıqları xəbər avropalı siyasətçilərin niyyətlərinin səmimiliyini şübhə altına alır.
"Deutsche Welle" radiosunun məlumatına görə, Avropa İttifaqının (Aİ) antiinhisar idarəsi noyabrın 5-də xəbər yayıb ki, ARDNŞ tərəfindən Yunanıstanın qaz nəqli operatoru DESFA-nın səhmlərinin alınması üzrə hazırlanan sövdələşmə ilə bağlı müvafiq yoxlamalar başlayıb. Avropalı məmurlar Yunanıstanın qaz bazarında rəqabətin azalacağından ehtiyat edirlər. İdarə 2015-ci il martın sonlarında qərar çıxarmalıdır.
Ümumiyyətlə, Yunanıstan operatorunun iştirak payının alınması üzrə tender davamı olan bütöv bir tarixdir, burada fəaliyyətdə olan əsas iştirakçıların isə Avropaya real qaz tədarükçüsü olan Rusiyanın "Qazprom" şirkəti, həmçinin ARDNŞ olduğu ehtimal edilir. Вununla əlaqədar məntiqli sual yaranır: Avropanın alternativlər tapmaq istəyi doğrudanmı onun bəyan etdiyi kimi güclüdür?
Avropanın qaz alacağı Transadriatik qaz kəməri (ТАР) ARDNŞ-nin mülkiyyəti deyil. Onun səhmdarları BP (20 faiz), ARDNŞ (20 faiz), "Statoil" (20 faiz), "Fluxys" (19 faiz), "Enagás" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir. Bununla yanaşı, layihənin iştirakçıları olan avropalı şirkətlərin hamısı bu və ya digər dərəcədə Avropada enerjidaşıyıcıların bölüşdürülməsində iştirak edirlər, lakin Aİ-də sual yalnız ARDNŞ ilə bağlı yaranıb.
Bu gün heç kim üçün sirr deyil ki, Aİ-də mühüm qərarlar ən iri oyunçular tərəfindən qəbul edilir. Təcrübə göstərir ki, həmin əsas oyunçular öz enerji təhlükəsizliklərinin təmin olunmasına və alternativ tədarüklərə hamıdan az ehtiyac duyurlar. Hər hansı problem yarandıqda məhz Cənubi və Şərqi Avropa "donur". "Cənub Qaz Dəhlizi" də ilk növbədə onlar üçün nəzərdə tutulub. Ən azından ilkin mərhələdə bu marşrutun əsas tədarükçüsü də məhz Azərbaycan olacaq.
Əlbəttə, çoxları Rusiyadan və Azərbaycandan ixrac olunan qaz həcmlərinin müqayisəyəgəlməz olduğu barədə sual verirlər. Lakin buna ən yaxşı cavab ondan ibarətdir ki, "Cənub Qaz Dəhlizi"nin və onun qollarının keçəcəyi ölkələrin qaza olan tələbatının həcmləri o qədər də yüksək deyil və qaz həcmləri Avropanın bu regionlarının qazla təminatına artıqlamasilə çatacaq.
BP-nin hesabatına görə, 2013-cü ildə Yunanıstanda qaza tələbatın həcmi 3,6 milyard kubmetr, Bolqarıstanda 2,6 milyard kubmetr təşkil edib. Bu hesabata Albaniya, Monteneqro, Xorvatiya, Sloveniya və digər ölkələr barədə məlumatlar daxil edilməyib. Lakin "Avropanın digər ölkələri" bəndində deyilir ki, bu ölkələr cəmi 14,9 milyard kubmetr qaz istehlak edirlər. Bu rəqəmlər Azərbaycandan Cənub-Şərqi Avropa üçün qaz ixracının əhəmiyyətini real olaraq göstərir.
Avropanın Azərbaycana münasibətdə ikili standartları artıq çoxdandır ki, heç kimi təəccübləndirmir. Lakin əgər bu ikili standartlar əvvəllər siyasətdə tətbiq edilirdisə, bu gün Aİ bunu iqtisadiyyatda da tətbiq etməyə çalışır.
Əlbəttə, Avropa nə istədiyinə özü qərar verməlidir. Lakin artıq Avropanın tərəfdaşlarla münasibətlərini qarşılıqlı hörmət əsasında qurmağı öyrənməsinin vaxtı çatıb.