...

SOCAR Xəzərdəki yataqlarda ekoloji monitorinqlərə başlayıb

Energetika Materials 16 Sentyabr 2015 17:15 (UTC +04:00)
Ekologiya İdarəsi Xəzər dənizinin Azərbaycan sektorundakı SOCAR-a məxsus neft-qaz yataqlarında payız mövsümü ilə əlaqədar ekoloji monitorinqlərə start verib.
SOCAR Xəzərdəki yataqlarda ekoloji monitorinqlərə başlayıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Ekologiya İdarəsi Xəzər dənizinin Azərbaycan sektorundakı SOCAR-a məxsus neft-qaz yataqlarında payız mövsümü ilə əlaqədar ekoloji monitorinqlərə start verib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu məqsədlə cari ilin sentyabr ayında Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən "Neft Daşları", "Palçıq Pilpiləsi", "8 Mart" və "Səngəçal-Duvvanı-Xərə-Zirə" yataqlarında "MPK-452" gəmisi vasitəsilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib.

Monitorinqlər zamanı layihə üzrə seçilmiş hər bir stansiyada Niskin tipli batometr vasitəsilə su nümunələri götürülüb, gəminin laboratoriyasında "Professional Plus" çoxrejimli analitik cihaz vasitəsilə həmin nümunələrdə hidrogen ionlarının qatılığı, oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperaturu təyin olunub.

Bundan başqa, bioloji tədqiqatlar üçün dəniz dibindən çöküntülər və bentos nümunələri, eləcə də dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, qablaşdırılıb və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. Monitorinq zamanı stansiyalarda dəniz axınlarının sürət və istiqaməti müasir tipli "3D-ACM-7000" cihazı ilə ölçülüb.

Hazırda ekoloji monitorinq işləri digər dəniz yataqlarında da davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti