...

BANM-in tələbəsi "Neft kapitalından çevrilmiş insan kapitalı" layihəsini həyata keçirib (FOTO)

Energetika Materials 24 Fevral 2016 17:38 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Rəvan Adilovun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib gəlmiş “Neft kapitalından çevrilmiş insan kapitalı” adlı layihəsi həyata keçirilib.
BANM-in tələbəsi "Neft kapitalından çevrilmiş insan kapitalı" layihəsini həyata keçirib (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Rəvan Adilovun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib gəlmiş "Neft kapitalından çevrilmiş insan kapitalı" adlı layihəsi həyata keçirilib.

BANM-dən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində keçirilən 5 günlük seminarlarda SOCAR-ın Xarici Təqaüd Proqramı və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" xətti ilə xaricdə təhsil almış gənclər respublikanın müxtəlif universitetlərində təhsil alan 30 tələbəyə mühazirə oxuyublar.

Tələbələrə ilk seminar Birləşmiş Krallığın Bristol Universitetində təhsil almış və hazırda SOCAR-ın mərkəzi ofisində çalışan Təbriz Ammayev tərəfindən keçirilib. O, tələbələrə neft sənayesi və neft tarixində baş vermiş böyük hadisələr, həmçinin SOCAR-ın fəaliyyəti haqqında ətraflı məlumat verib. İkinci seminarın təlimçisi, Niderlandın Amsterdam Universitetində təhsil almış və hazırda SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin mütəxəssisi olan Aslan Məhərrəmli iştirakçılara neft məhsullarının marketinqi barədə məlumatlar təqdim edib. Fransanın IFP Neft Məktəbində təhsil almış və hazırda SOCAR UPSTREAM Management International MMC şirkətində biznes analitiki olan Kamal Quliyev iştirakçılara layihənin üçüncü günündə AÇG yatağı və neft sahəsinin müqavilələri haqqında ətraflı danışıb. Böyük Britaniyanın London İmperial Kollecində ali təhsil almış və hazırda BANM-in Bərpa olunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov layihənin növbəti günündə iştirakçılara biokütlə və alternativ enerjidən danışıb.

Layihənin son günündə isə Fransanın IFP Neft Məktəbini bitirən, hazırda SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda lay mühəndisi kimi çalışan Fuad Həsənov layihə iştirakçılarına layın inkişaf mərhələlərindən ətraflı məlumat verib.

Layihənin sonunda seminar iştirakçıları öz təəssüratlarını bölüşərək, Azərbaycan Gənclər Fondu və Bakı Ali Neft Məktəbinə layihənin keçirilməsində verdiyi dəstəyə, layihə rəhbəri Rəvan Adilova təşkilatçılıq işlərinə görə təşəkkürlərini bildiriblər. Sonda iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, bütün seminarlar ingilis dilində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti