...

BP Azərbaycanda qaz hasilatını azaldıb

Energetika Materials 17 Avqust 2017 16:20 (UTC +04:00)
2017-ci ilin birinci yarısında "Şahdəniz" yatağından 5,1 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barel) kondensat hasil edilib.
BP Azərbaycanda qaz hasilatını azaldıb

Bakı. Trend:

2017-ci ilin birinci yarısında "Şahdəniz" yatağından 5,1 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barel) kondensat hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici müvafiq olaraq 5,4 milyard kubmetr qaz və 1,3 milyon ton kondensat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə "BP Azərbaycan"ın ilin 6 ayının yekunları üzrə hesabatında deyilir.

2017-ci ilin birinci yarısı ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Bu ilin ilk altı ayı ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 249 milyon dollar əməliyyat xərcləri və təqribən 1,64 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz Mərhələ 2" layihəsinə aiddir.

Birinci yarım ildə "Şahdəniz Mərhələ 1"-in mövcud platformasında (Alfa) SDA11 qaz hasilatı quyusunda qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir.

İkinci rüb ərzində "İstiqlal" qazma qurğusu yatağın şimal cinahında dördüncü quyunu (SDC01 quyusu) tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün SDD01 quyusunun yerləşdiyi əraziyə keçirilib.

"Maersk Explorer" qazma qurğusu SDF01 quyusunun məhsuldar lay hissəsini qazaraq SDF02 quyusunda da işləri aparmaq üçün o əraziyə keçib və hazırda həmin işlər davam edir.

Bu iki qazma qurğusu artıq "Şahdəniz Mərhələ 2"-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti