Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan İslam Respublikası ilə neft məhsullarının ticarətini müzakirə edib.
Neft şirkətindən Trend-ə verilən məlumata görə, bu, SOCAR-ın prezidenti Rövşən Nəcəfin Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Malik ilə görüşü zamanı baş tutub.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin iyulun Pakistana dövlət səfərinin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə və bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Söhbət zamanı bu günədək enerji sektoru üzrə birgə həyata keçirilən layihələr və əldə edilən nəticələr, həmçinin, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib, neft məhsullarının ticarəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.