Bakı. Trend:
TANAP-la qaz tədarükü onun kommersiya istismarının başladığı andan etibarən ümumilikdə 75 milyard kubmetrə çatıb.
Bu barədə Trend TANAP operatoruna istinadla məlumat verir.
“Cənubi Qaz dəhlizinin ən uzun hissəsi olan TANAP-la qaz tədarükü, qazın kommersiya məqsədli nəqlinin başlanmasından bəri 75 milyard kubmetr göstəriciyə çatıb. TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyinə töhvə verməyə davam edir”, -deyə operatorun məlumatında deyilir.
Qeyd edək ki, TANAP Azərbaycan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə qədər nəql edir. TANAP-ın ümumi dəyəri yeddi milyard dollardan azdır.
TANAP-ın ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir və gələcəkdə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür. Təxminən altı milyard kubmetr qaz Türkiyəyə tədarük edilir, qalan hissə isə Avropaya nəql olunur.
TANAP qaz kəmərinin Türkiyə ərazisində doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda başlanılıb.
TANAP-ın istismara verilməsi mərasimi 12 iyun 2018-ci ildə Türkiyənin Eskişehir şəhərində baş tutub. Türkiyəyə ilk kommersiya qaz tədarükü 30 iyun 2018-ci ildə başlayıb. TANAP-ın Avropa ilə birləşməsinin açılış mərasimi isə 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala şəhərində keçirilib.