...

Yaxın həftələrdə neft qıtlığı ilə bağlı real təhlükə yoxdur - Analitik

Energetika Materials 14 İyun 2025 09:29 (UTC +04:00)
Yaxın həftələrdə neft qıtlığı ilə bağlı real təhlükə yoxdur - Analitik
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın həftələrdə neft qıtlığı ilə bağlı real təhlükə yoxdur.

Bunu Trend-ə Yaxın Şərq geosiyasəti üzrə mütəxəssis, enerji sektoru analitiki, Hollandiyanın “VEROCY” risklərin idarəolunması üzrə konsaltin şirkətinin tərəfdaşı, “Berry Commodities” şirkətinin risklərin qlobal strategiyası üzrə direktoru Siril Viddershoven bildirib.

Onun sözlərinə görə, təcili riskləri açıq-aşkardır: əgər İsrail karbohidrogen infrastrukturu obyektlərinə, ələlxüsus da Harq adasındakı terminallara, İrandan neft və qaz ixracı infrastrukturuna zərbələr endirsə, bu İranın imkanlarını ciddi şəkildə məhdudlaşdıra və ya onun axırına çıxa bilər.

“Lakin hələlik bu baş verməyib. Hazırda yeganə real təhdid bölgədəki qeyri-sabitlikdir ki, bu da daşıyıcılar və treyderlər tərəfindən sakit qarşılanmayacaq. Qiymətlər yüksələcək, amma bu daha çox emosional reaksiyalar və qaranlıq ssenarilərlə bağlıdır. Bununla belə, bazar fundamentalları hələ də güclüdür və yaxın həftələrdə real neft qıtlığı gözlənilmir. İran qarşıdurmanı gücləndirsə, hər şey dəyişə bilər, belə olan halda İsrail neft-qaz sənayesinə, gəmiçiliyə və digər enerji sahələrinə mütləq zərbələr endirəcək”, – deyə ekspert əlavə edib.

Viddershoven həmçinin mümkün, regional səviyyədə daha geniş fəsadlarla bağlı xəbərdar edib.

“İranın mümkün addımlarından biri ərəb ölkələrində yerləşən Qərb hərbi bazalarına hücum ola bilər belə ki, Tehran hücumların arxasında ABŞ-ın dayandığını düşünür, baxmayaraq ki, bu təsdiqlənməyib və şəxsən mən buna şübhə ilə yanaşıram. Əgər İran Amerika qüvvələrinə və ya donanmasına zərbə endirsə, vəziyyət yeni mərhələyə qədəm qoyacaq. Bu zaman Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn ərazisindəki obyektlər və Qətərdən mayeləşdirilmiş təbii qaz tədarükü təhlükə altına düşə bilər. İranın İraqda da təsiri qalır, buna görə oradakı neft və qaz tədarükü də təhlükə altına düşəcək və bu, dünya təklifinin azalmasına gətirib çıxaracaq”, – deyə təhlilçi bildirib.

O əlavə edib ki, İran təhdidlər səsləndirir, amma neft onun iqtisadiyyatının həyati-əhəmiyyətli arteriyasıdır.

“Bir analitik deyirdi ki, Hörmüz boğazı İranın "ağciyəridir": əgər bu boğaz bağlansa, ölkə boğular. Bununla yanaşı, hadisələr başqa nöqtələrdə də inkişaf edə bilər, Qırmızı dənizdə, Afrika sahillərində, Bab-əl-Məndəb boğazı ətrafında. İranın SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) bağlı proksi qrupları və müştəriləri var və onlar fəaliyyət göstərməyə hazırdır”, – deyə Viddershoven qeyd edib.

Viddershoven Hörmüz boğazının bağlanmasının potensial fəsadlarından da söz açıb:

“Əgər Hörmüz boğazı bağlanarsa, bu zaman Qərb və Asiya neft emalı zavodları üçün olduqca vacib olan, yüksək keyfiyyətli OPEK neftinin əhəmiyyətli hissəsi əlçatmaz olacaq. Bu, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt və Qətərdən əsas tədarüklərə aiddir. Oman bundan zərərçəkməyəcək, Səudiyyə Ərəbistanı və BƏƏ-dən müəyyən həcmləri yönləndirmək mümkün olacaq, lakin bu tam həcmi əhatə etməyəcək”, – deyə o izah edib.

Strateji hazırlıq məsələsinə gəldikdə isə ekspert bunları qeyd edib:

“Belə hazırlıq olmalıdır. Beynəlxalq Enerji Agentliyi (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin enerji tənzimləyicisi) üzv ölkələrdəki neft və neft məhsulları üzrə strateji ehtiyatlara nəzarət edir. Bu ehtiyatlar təxminən 160 günlük tam tələbatı qarşılamağa kifayət edir. Asiyada Çin böyük ehtiyatlara sahibdir, Hindistan məsələsi açıq qalır, hələ ki, o, qıtlığı tam kompensasiya edə bilmir. Xoşbəxtlikdən, ərəb OPEK ölkələri və İranın nefti artıq dünya miqyasında əvvəlki qədər böyük paya sahib deyil”, – deyə ekspert yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti