...

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü – logistika əlaqələrinin qurulması üçün zəruri prosesin başlanğıcıdır - İnqlab Əhmədov

Energetika Materials 9 Yanvar 2026 15:43 (UTC +04:00)
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü – logistika əlaqələrinin qurulması üçün zəruri prosesin başlanğıcıdır - İnqlab Əhmədov
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan Ermənistana neft məhsullarının yeni partiyasının göndərilməsi gözlənilir. Bu dəfəki partiyaya 1000 ton Aİ-92 markalı benzin, 1000 ton dizel yanacağı və 1800 ton Aİ-95 markalı benzin daxildir. Bu, 18 dekabr 2025-ci ildə 1220 ton Aİ-95 markalı benzinin göndərildiyi ilk tədarükün ardınca ikinci yük göndərişidir.

Məşhur azərbaycanlı iqtisadçı-ekspert İnqlab Əhmədov Trend-ə bildirib ki, bu cür tədarüklərdə əsas məqam onların müntəzəmliyi və uzunmüddətli perspektivləridir:

“Bunun kifayət qədər qısa zaman kəsiyində baş verməsi müsbət haldır”.

Onun sözlərinə görə, ciddi və gözlənilməz hallar baş verməzsə, tədarük həcmləri artacaq və zamanla regionda sabit inkişaf edən ticarət balansı formalaşacaq.

İ.Əhmədov qeyd edib ki, bu, artıq logistikanın uzunmüddətli şəkildə yenidən qurulması və Ermənistanla, ilk növbədə neft məhsullarının tədarükü sahəsində tərəfdaşlığın inkişafı perspektivləri barədə düşünməyə imkan verəcək.

“Əlbəttə, dəyişikliklər dərhal baş vermir. Azərbaycanın daxili yanacaq təminatının və Ermənistanın tələbatının sabitliyini pozmamaq üçün riayət edilməli olan yanacaq-enerji balansı mövcuddur. Ermənistan bazarı kiçikdir və buna baxmayaraq, yanacaq-enerji ‘xəritəsinin’ tez bir zamanda yenidən qurulmasından danışmaq hələ tezdir. Hazırda söhbət simvolik ilkin addımlardan gedir. Bütün bunlar vaxt tələb edəcək və regionda həm cənubda, həm də şimalda, eləcə də bütövlükdə Avrasiya məkanında mövcud olan ‘tektonik’ qeyri-sabitliyi nəzərə alaraq hadisələrin necə inkişaf edəcəyi hələ məlum deyil”, – deyə o bildirib.

“Ticarət təkcə malların tədarükü deyil, həm də ölkələrin, hətta mövqeləri hələ tam dostyana olmasa belə, qarşılıqlı asılılığı və əməkdaşlığını əks etdirən daha geniş mənzərədir. Azərbaycan regionda əsas neft məhsulları təchizatçısı kimi tanınır. Hazırda biz simvolik yanacaq-enerji məhsullarının tədarükü ilə başlayırıq ki, bu da Ermənistan istiqamətində SSRİ-nin dağılmasından bəri fəaliyyət göstərməyən logistika xəttinin bərpasını tələb edir. Digər təchizatçıların, o cümlədən Rusiyanın qeyri-sabitliyi fonunda bu cür tədarüklər üçün zaman son dərəcə münasibdir. Bu isə tədarüklərin gələcəkdə genişləndirilməsi və ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi perspektivini yaradır”, – deyə ekspert vurğulayıb.

Ekspert əlavə edib ki, neft məhsullarının tədarükü üzrə ilk addımlar tədricən genişlənəcək və Ermənistan rəhbərliyinin bildirdiyi kimi, digər məhsullarla tamamlanacaq.

Onun sözlərinə görə, bu, xalqlar və dövlətlər arasında münasibətlərin qurulması istiqamətində mürəkkəb, lakin zəruri bir prosesin başlanğıcıdır.

İ.Əhmədov bildirib ki, proseslər məhz lazım olduğu kimi inkişaf edir və regionda yanacaq-enerji əməkdaşlığı üçün perspektivlər böyük vədlər verir.

Xatırladaq ki, 21 oktyabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatda Azərbaycan işğal dövründən mövcud olan Ermənistana yük daşınmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana daşınmasıolduğunu bəyan etmişdi.

18 dekabrda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana yerli istehsal olunmuş ilk neft partiyasını göndərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti