...

ARDNŞ-in yeni müştərək müəssisəsi çox dərin quyular qazacaq

Energetika Materials 26 Avqust 2006 12:07 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində yeni müştərək müəssisə - ''Azəri Drillinq Kompani Ltd'' şirkəti yaradılıb. Təsisçilər ARDNŞ (35 %), Target Petroleum Azerbaijan Corporation (Panama Respublikasında qeydiyyatdan keçib - 35 %) və First Drilling Limited (Şotlandiya - 30 %) şirkətləridir. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

Müəssisənin fəaliyyət dairəsinə neft və qaz quyularının qazılması (o cümlədən üfüqi və xüsusi qazma), quyuların sementlənməsi və bərkidilməsi, mənimsənilməsi, onların əsaslı və yeraltı təmiri, geofiziki tədqiqatlar və perforasiya işləri daxildir.

"Azneft" İB direktorunun qazma işləri üzrə müavini Həsən Məcidovun məlumatına görə, müştərək müəssisənin əsas vəzifəsi ''8 Mart'' və ''Bulla-dəniz'' yataqlarında ən müasir texnika və alətlərdən istifadə etməklə dərin və çox dərin quyuların qazılmasını təşkil etməkdir. Həmin sahələrdə 6,5 kilometr dərinliyində 8 quyunun qazılması nəzərdə tutulub.

Hazırda ''8 Mart'' yatağında üç stasionar platformada (730, 759 və 578 N-li) təcili təmir işləri aparılır. Həmin özüllər üzərində yeni qazma dəzgahları quraşdırılacaq.

''Azneft'' İB-nin stasionar platformaların və boru kəmərlərinin tikintisi və təmiri şöbəsinin rəisi Məsləhət Yunusov bidirib ki, dalğıclar platformaların sualtı hissələrini və şaxta istiqamətlərini yoxlayaraq onlar haqda müsbət rəy və suüstü işlərin başlanılmasına razılıq verib. Sentyabr ayında bütün platformalar təmir edilərək müştərək müəssisəyə təhvil veriləcək.

Xəbər lenti

Xəbər lenti