...

Bu gün AİB-in qərargahında Azərbaycanın Yanacaq və Energetika Nazirliyi və Entec arasında danışıqlar başlayıb

Energetika Materials 2 Oktyabr 2006 19:05 (UTC +04:00)

Bu gün Manilada Yanacaq və Energetika Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) məsləhətçisi arasında Azərbaycanda alternativ elektrik enerji mənbələrinin tətbiqi üçün texniki yardım layihəsi üzrə danışıqlar başlanıb. Hökümətdən Trend ə verilən xəbərə görə, danışıqlar oktyabrın 4-ə qədər davam edəcək.

Danışıqlarda səlahiyyətlər Yanacaq və Energetika Nazirliyində beynəlxalq münasibətlər şöbəsinin müdiri Rafiq Əliyevə verilib. O, Azərbaycan höküməti adından AİB-in məsləhətçisi olan Entec İsveçrə-Hindistan konsorsiumu ilə danışıqlar aparacaq.

Elektrik enerjisinin bərpa olunan mənbələrinin inkişafı üçün müxtəlif yolların və potensialın müəyyən olunması məqsədi ilə tədqiqatların keçirilməsi üçün 900 min ABŞ dolları ayrılıb. Onlardan 200 min ABŞ dolları Finlyandiya höküməti tərəfindən qrant qismində, 500 min ABŞ dolları - AİB və 200 min ABŞ dolları Azərbaycan höküməti tərəfindən verilib. Qrant sazişi 26 may 2006-cı ildə imzalanıb.

Layihənin 10 ay ərzində reallaşdırılması nəzərdə tutulub və işlər məsləhətçi ilə danışıqların tamamlanmasından sonra başlanacaq. Məsləhətçi ilə texniki məqamlar razılaşdırılacaq.

Layihənin həyata keçirilməsi üçün Asiya bankı 40 mln. ABŞ dolları həcmində kredit verməyi planlaşdırır. Kreditin bir hissəsi (25 mln. ABŞ dolları) güzəştli şərtlərlə, 15 mln. ABŞ dolları isə - adi şərtlərlə veriləcək.

Layihənin əsas məqsədi külək dəyirmanlarından, mini hidravlik və günəş enerjisindən istifadə etməklə ölkə bölgələrini alternativ enerji mənbələri ilə təmin etməkdən ibarətdir. Bu, bölgələrdə kənd təsərrüfatının fəaliyyətinə dəstək vermək üçün zəruridir.

Xəbər lenti

Xəbər lenti