...

Azərbaycan Odessa-Brodı neft kəmərinin Plotska qədər uzadılmasında effektivlik görür

Energetika Materials 12 May 2007 13:14 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycanın Odessa-Brodı boru kəmərinə qoşulması perspektivləri çərçivəsində bu boru kəmərinin Plotska qədər (Polşa) uzadılması effektiv olardı. Şənbə günü neft və qaz sahəsində rəyləri öyrənilmiş Azərbaycan ekspertlərinin bildirdiyinə görə, bunun effektivliyi Plotskda neft emalı zavodunun olmasındadır.

"Bu məntəqədən Avropaya neft məhsulları çatdırmaq mümkün olardı", deyə ekspertlər bildirib.

Respublika hökumətindən bildirilib ki, Azərbaycan Odessa-Brodı boru kəməri vasitəsilə ixrac üçün öz neftinin sərbəst həcmlərinin analizini apara bilər.

"Neftin bilavasitə çatdırılması birbaşa qiymətlərdən asılı olacaq. Azərbaycan neftini Gürcüstan ərazisindəki Qara dəniz limanlarına çatdıraraq və daha sonra tankerlərlə Odessaya göndərərək Odessa-Brodı boru kəməri vasitəsilə ötürə bilər", deyə hökumətdən bildirilib. Bu həftə Azərbaycan, Gürcüstan, Ukrayna, Litva, Polşa prezidentləri və Qazaxıstan nümayəndəsinin Krakovda keçirilmiş enerji sammitində görüşü zamanı hökumətlərarası saziş üzərində işin başlanması ilə əməkdaşlığı fəallaşdırmaq barədə qərar qəbul olunub. Hökumətlərarası saziş Xəzər neftinin Avropa və dünya bazarlarına nəql olunması üçün dəhlizin (Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri) istifadə olunması layihəsində dövlət və şirkətlərin iştirakını nizamlayacaq.

Azərbaycan prezidenti İlham Əliyev Krakovda (Polşa) keçirilən enerji sammitində ölkəsinin Odessa-Brodı neft kəməri layihəsinə qoşulmasına hazır olduğunu bəyan edib. Bu neft kəməri nefti Ukrayna və Polşa vasitəsilə Qərbi Avropaya nəql etməyə imkan verəcək. Sammitdə tərəflər Odessa-Brodı neft kəmərinin idarə edilməsi üzrə birgə müəssisənin (BM) yaradılması barədə razılığa gəlib.

Odessa-Brodı layihəsinin reallaşdırılması barədə fikir Ukrayna tərəfindən Xəzər neftinin Mərkəzi və Şimali Avropaya nəql olunması məqsədilə 90-cı illərdə yaranıb. 667 km uzunluqda olan neft kəmərinin açılışı 2001-ci ilin avqustunda baş tutub.

Xəbər lenti

Xəbər lenti