Bakı. Trend:
Qazaxıstanın Fond Birjası (KASE) və Bakı Fond Birjası (BSE) təcrübə mübadiləsi və yeni müasir layihələrin inkişafı istiqamətində aktiv əməkdaşlığı davam etdirirlər.
Bunu Trend-ə KASE idarə heyətinin müavini Yermek Majekenov “KASE Day in Baku” tədbiri çərçivəsində verdiyi özəl müsahibədə bildirib.
“Birjalar səviyyəsində bizim Bakı Fond Birjası (BFB) ilə imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq əsasında biz mütəmadi olaraq təcrübə mübadiləsi aparırıq. Praktik baxımdan bu, birja məlumatlarının təqdim edilməsi, sponsorlu və kross-listinqlə bağlı imkanların nəzərdən keçirilməsi, eləcə də ‘KASE Day in Baku’ kimi birgə maarifləndirici tədbirlərlə müşayiət olunur”,-deyə Yermek Majekenov bildirib.
O əlavə edib ki, tərəflər qarşılıqlı şəkildə tamamlayıcı maliyyə alətlərinin, xüsusilə bəzi korporativ istiqrazların ikili listinqinin hazırlanması məsələsini diqqətlə araşdırırlar, lakin konkret vaxtla bağlı danışmaq hələ tezdir.
Majekenovun sözlərinə görə, əməkdaşlığın perspektivli istiqamətləri dörd əsas sahəni əhatə edir: məlumat bazası və İT infrastrukturu – məlumat ötürülməsi protokollarının standartlaşdırılması və ticarət sistemləri proqram təminatının uyğunlaşdırılmasına yönəlməklə; kross-listinq və sponsorlu listinq – bu vasitə ilə Qazaxıstan və Azərbaycan emitentlərinin alətləri hər iki birjada dövriyyəyə buraxıla bilər ki, bu da investor auditoriyasını genişləndirəcək; ESG və İslam maliyyə alətləri – hər iki ölkə “yaşıl” emissiyaları və sukuku inkişaf etdirir və bu sahədə məlumat açıqlanmasının vahidləşdirilməsi mümkündür.
“Nəzəri baxımdan bu, qiymətli kağızların qarşılıqlı şəkildə dövriyyəyə buraxılması üçün baza yaradır. Lakin biz mərhələli şəkildə irəliləyirik, hər bir yurisdiksiyanın tənzimləyici xüsusiyyətlərini qiymətləndiririk, buna görə də bu, qəbul olunmuş qərardan çox potensial barədədir”, -deyə E. Majekenov vurğulayıb.