...

COP for Hope: COP29-da bizə lazım olan resursları əldə edəcəyimizə ümidvarıq - Afrika İttifaqının rəsmisi

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 17:35 (UTC +04:00)
COP for Hope: COP29-da bizə lazım olan resursları əldə edəcəyimizə ümidvarıq - Afrika İttifaqının rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Afrika İttifaqının Mavi İqtisadiyyat və Davamlı Ətraf Mühit üzrə direktoru Harsen Nyambedir.

O, Trend-ə açıqlamasında bildirib ki, COP29-da istədikləri nəticələri və onlara lazım olan resursları əldə edəcəklərinə ümid edirlər.

Harsen Nyambe, COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycana minnətdar olduqlarını bildirib:

"Biz burada olmaqdan çox xoşbəxtik. Afrikalı nümayəndələr burada azərbaycanlıların qonaqpərvərliyindən çox razıdırlar. COP29 çərçivəsində bizim üçün olduqca əhəmiyyətli məsələ olan iqlim dəyişikliyinə qarşı maliyyəyə diqqət yetirilməsi mövzusunda köməkliklərin göstərilməsi ilə bağlı müzakirələr aparılır. Biz Afrika xalqlarının nümayəndələri olaraq maliyyə məsələləri ilə bağlı razılaşmanın əldə olunmasına əmin olmaq üçün gəlmişik. Düzdü, buna qədər Dubayda danışıqlar aparılsa da, razılıq əldə olunmamışdı. Proses ləngiyirdi. Bəzi ölkələrin öhdəliklərdən yayınması bu məsələnin reallaşmasında ciddi əngəl törədirdi. Ona görə də biz ümid edirik ki, COP29-da istədiyimiz nəticələri və bizə lazım olan resursları əldə edəcəyik".

"Əsas mesajımız ondan ibarətdir ki, inkişaf etmiş ölkələr Paris razılaşmasına uyğun olaraq öhdəliklərini yerinə yetirsinlər.

Əlbəttə ki, irəliləyiş üçün hədəf müəyyənləşdirmək lazımdır. Lakin bu, danışıqlar prosesidir, buna görə də bəzən razılıqlar əldə edilir, bəzən isə tam əksi baş verir", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti