Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Hindistanın Ətraf Mühit, Meşə və İqlim Dəyişikliyi üzrə naziri Kirti Vardhan Singdir.
O, Trend-ə açıqlamasında bildirib ki, məhz inkişaf etmiş ölkələr maliyyənin miqdarı və keyfiyyəti ilə bağlı razılığa gəlməlidirlər.
Nazir COP29-dan gözlənti və mesajlarının üst-üstə düşdüyünü bildirib:
"Burada əsas məsələlərdən biri inkişaf etməkdə olan ölkələrə təsirlərin azaldılması, iqlim dəyişikliyinə qarşı hədəflərə çatmaq üçün təqdim ediləcək yeni maliyyə hədəflərinin artırılması və müəyyənləşdirilməsidir. Bu maliyyə Paris Sazişində nəzərdə tutulduğu kimi, inkişaf etmiş ölkələr tərəfindən təmin edilməlidir. Məhz inkişaf etmiş ölkələr maliyyənin miqdarı və keyfiyyəti ilə bağlı razılığa gəlməlidirlər".
"Beləliklə, biz, əsasən, inkişaf etməkdə olan ölkələri nizamlanmaya, bizə lazım olan maliyyə rəqəminə çatmağa sövq etməyə çalışırıq. Amma inkişaf edən ölkələr də bizim iqlimlə bağlı tədbirlərimizi görməlidirlər.
Biz ümid edirik ki, bu baxımdan COP29-da iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli müsbət nəticələr əldə olunacaq. Nəticədə inkişaf etməkdə olan ölkələr daha yüksək yumşaldılma və uyğunlaşma hədəflərinə çatmaq üçün müəyyən edilmiş yeni töhfələrlə irəliləyə biləcəklər", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.