Bakı. Trend:
Dünya “təmiz” enerjiyə həmişəkindən daha tez keçməkdədir.
Trend xəbər verir ki, bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya Ticarət Forumunun “Enerji keçidi üçün hamı göyərtədə” şüuarlı panel diskussiyasında etdiyi çıxışda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
Lyayenin sözlərinə görə, təkcə ötən il “təmiz” enerjiyə çəkilən qlobal xərclərin miqdarı rekord 2 trilyon dollara çatıb.
“Bərpaolunmayan yanacağa qoyulan yatırımın hər dollarına, bərpa oluna bilən enerjiyə qoyulan investisiyanın 2 dolları düşür. Enerji sektorunda isə “təmiz” enerjiyə qoyulan investisiyalar bərpaolunmayan yanacağa qoyulan investisiyaları 10 dəfə üstələyir”, -deyə Ursula fon der Lyayen bildirib.
O bildirib ki, belə bir keçid COP28 konfransında təsbit olunmuş çoxillik səylərin və ambitsiya məqsədlərinin nəticəsi olub.
“ Biz 2030-cu ilə qədər bərpaoluna bilən enerjidən istifadəni üç dəfə, enerji səmərəliliyini isə iki dəfə artıracağımızı bəyan etmişik. Görünən odur ki, “təmiz” enerjiyə keçid artıq baş verməkdədir və o uzun müddət qalacaq. Bu təkcə planetimiz üçün yaxşı xəbər deyil . Bu həm də innovasiyalar üçün yaxşı xəbərdir. Bu enerji müstəqilliyi üçün də yaxşı xəbərdir, çünki bu – yerli enerjidir. O bizim evimizdə yaxşı iş yerləri yaradır. Bu həm də iqtisadi rəqabət qabiliyyəti üçün də yaxşı xəbərdir. Və nəyahət, bu enerjiyə görə (kommunal) xərcləri azaldır ki, bu da ev təsərrüfatı və biznes üçün faydalıdır”, -deyə o bildirib.
Ursula fon der Lyayen bu inkişaf tempinin davamlı olması üçün 3 əsas hədəfi ictimaiyyətin diqqətinə çatdırıb:
“İlk növbədə biz tarixi qlobal enerji razılaşmamızın dinamikasını qoruyub saxlamalıyıq. Bu qlobal enerji hədəfləri milli səviyyədə müəyyən edilən, NDC adlandırılan ianələrin növbəti dalğasında öz əksini tapmalıdır. Biz kollektiv vədləri ölçülməsi mümkün olan bir tərəqqiyə çevrilməyilik. Biz Avropada 2030-cu ilə qədər bərpaoluna bilən enerji mənbələri üzrə hədəfimizi 42%-dən yüksəyə qaldırmışıq. Bugün biz 23%lik səviyyəyə gəlib çatmışıq, ona görə bizi qarşıda daha çox işlər gözləyir. Bizim elektrik təchizatımızın 50%-i bərpaoluna bilən mənbələrdən daxil olur. Amma bildiyiniz kimi, belə bir prinsip var: ölçürsənsə - deməli edirsən. Məhz bu səbəbdən biz məqsədlərimizə nə dərəcədə nail olduğumuzu ölçə bilmək üçün Beynəlxalq enerji agentliyi ilə etibarlı tərəfdaşlığa güvənirik”, -deyə o bildirib.
O eyni zamanda hədəflərin konkret layihələr şəklində gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb.
“Bizim ikinci hədəfimiz – bu hədəfləri konkret layihələrə çevirməkdir. Bu səbəbdən COP çərçivəsində Braziliyanın rəhbərliyi ilə az təminatlı icmaları elektriklə təmin edən, yeni təmiz sənaye sahələri yaradan və təmiz enerjini miqyaslaşdıran layihələrə diqqət ayrılacaq. Beləcə, biz bir-birimizdən öyrənərək, ən yaxşı təcrübələri bölüşərək, konkret layihələrdə real tərəqqiyə nail ola bilərik,” – deyə o bildirib.