...

2009-cu ilin yekunları üzrə "Azercell"in investisiyalarının həcmi 57,9 milyon dollar təşkil edib

Telekommunikasiya Materials 19 Mart 2010 14:13 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom MMC"nin 2009-cu il üzrə investisiyalarının həcmi 57,9 milyon dollar təşkil edib. Bu barədə şirkətin korporativ əlaqələr və sosial məsuliyyət üzrə şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
2009-cu ilin yekunları üzrə "Azercell"in investisiyalarının həcmi 57,9 milyon dollar təşkil edib

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom MMC"nin 2009-cu il üzrə investisiyalarının həcmi 57,9 milyon dollar təşkil edib. Bu barədə şirkətin korporativ əlaqələr və sosial məsuliyyət üzrə şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Həsənzadənin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərdiyi 13 il ərzində investisiyaların ümumi həcmi 1 milyard dollara yaxın təşkil edib.

Ötən ilin yekunları üzrə şirkət tərəfindən ölkənin dövlət büdcəsinə 150,7 milyon dollar həcmində vergi ödənilib. 13 il ərzində bu məbləğ 753,6 milyon dollar səviyyəsinə çatıb.

2009-cu ildə şirkətin insan resurslarına investisiyalarının həcmi 1Ş6 milyon dollar təşkil edib. 13 il ərzində bu məbləğ 9,7 milyon dollara çatıb.

Bu gün Azercell Azərbaycanın mobil rabitə bazarının 57,6 faizini tutur. Əhatə ərazisi 80 faizdir. 2009-cu ilin yekunları üzrə abonentlərin sayı 4 milyona yaxın təşkil edir.

Ötən il 177 baza stansiyası quraşdırılıb, hazırda onların ümumi sayı 1700 ədədə çatıb. O həmçinin qeyd edib ki, günəş enerjisi ilə işləyəcək yeni baza stansiyasının istismara verilməsinə hazırlıq gedir. 2010-cu ildə şirkət 3G srandartı ilə işləyən 300-ə yaxın baza stansiyasını quraşdırmaq niyyətindədir.

Həmçinin,  şirkət tərəfindən ikinci dəfə "insan resurslarına investisiya qoyuluşu" üzrə beynəlxalq standart sertifikatı təsdiqlənib.

Şirkət 2009-cu ildə son nəsil qurğuları sırasında "BlackBerry solution"u təqdim edib. Gəncə şəhərində abonentlər üçün xidmətlərin təkmilləşdirilməsi məqsədilə telefon mərkəzi açılıb. Hazırda Azercell abonentlərinin sərəncamında fasiləsiz olaraq sutkada 24 saat ərzində iki telefon mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın müxtəlif regionlarında "Azercell ekspress"in 23 ofisi fəaliyyət göstərir.

2009-cu ildə şirkət tərəfindən abonentlər üçün 20-yə yaxın kampaniya - "maksimum gənc", "sms şans", "əzizlərim", "100-də 100 qazanc" və digərləri təqdim olunub. Ötən il şirkətin sosial qoyuluşlarının ümumi həcmi 1,8 milyon dollar təşkil edib.

2009-cu il Azercell üçün mükafat baxımından zəngin il olub. İl ərzində şirkət "İlin biznes lideri", "İlin şirkəti", "İlin telekommunikasiya şirkəti" və "İlin korporativ sosial məsuliyyətli şirkəti" adlarına layiq görülüb.

Azercell-in göstəriciləri onu "EPFI research service" reytinqində birinci yerə, həmçinin, bazardakı payı və operativ səmərəlilik üzrə Teliasonera şirkətlər qrupunda lider yerlərdən birinə çıxarıb.

Həsənzadənin sözlərinə görə, 2010-cu ilin planlarına əsasən Azercell yeni texnologiyaların tətbiqi ilə yanaşı, müştərilərin istək və tələbatına uyğun olaraq məhsul və tariflərin yaradılması üzrə fəaliyyətini gücləndirəcək. Həmçinin, şirkət korporativ sosial layihələr vasitəsilə Azərbaycanın ictimai həyatında fəal iştirak edəcək, xaricdə Azərbaycanın təbliğinə yönələn fəaliyyətini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti