...

Azərbaycanın telekommunikasiya şirkəti "Azertelekom"un yeni rəhbəri təyin olunub

Telekommunikasiya Materials 6 Sentyabr 2010 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir H.Vəliyev/

Frenk Bonemayer Azərbaycan telekommunikasiya şirkəti "Azertelekom"un direktoru vəzifəsinə təyin olunub. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən verilən məlumatda deyilir.

Bonemayer "Azertelekom"un rəhbəri vəzifəsində sentyabrın 1-dən Rusiya vilayətləri üzrə "Nokia Siemens Networks" şirkətinin biznes inkişafına rəhbərlik edən Mixail Çupu əvəz edib.

"Azertelekom"un əsas təsisçisi şirkətin kapitalında 70 faizlik iştirak payına malik "Azerfon" mobil rabitə operatorudur. Qalan digər paylar Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin istehsalat birlikləri - Aztelekom və Bakı Telefon Rabitəsi arasında bölüşdürülüb.

"Azertelekom" şirkəti Rusiya operatoru "Sinterra" ilə birgə yaradılmış "C-Ring Telecom" yerli müəssisəsinin 50 faizlik payına malikdir.

"C-Ring Telecom" öz layihələrində Azərbaycan və Rusiya ərazilərində "Azertelekom" və "Sinterra" infrastrukturunun sinerji ehtiyatları və imkanlarından istifadə etməyi planlaşdırır. Bu, Azərbaycan biznesi və əhalisinə beynəlxalq və şəhərlərarası rabitə xidmətləri daxil olmaqla, müasir rabitə xidmətləri kompleksinə çıxışa imkan verəcək.

Bu gün "C-Ring Telecom" Azərbaycan və Rusiya millli operatorlarının telekommunikasiya infrastrukturlarını birləşdirən fiber-optik kabel magistralının Azərbaycan seqmentinin inşasını artıq başa çatdırıb.

Operatorlar tərəfindən magistral xətlərin yoxlanması üzrə işlər aparılır ki, bunun bazasında da ilkin buraxılma imkanı 10 Gbit/s olan beynəlxalq rabitə xətti yaradılacaq.

İnfrastrukturun Rusiya seqmenti də "Sinterra" layihəsinin tamamlanmasına hazırdır. Layihədə Mahaçqalada milli magistral şəbəkə qovşağından tutmuş Rusiya tərəfdən sərhəd zonasına girişə qədər 180 kilometrlik əsas və ehtiyat fiber-optik rabitə xəttinin çəkilişi həyata keçirilib.

Layihənin həyata keçirilməsi Azərbaycan və Rusiya, həmçinin, Xəzəryanı ölkələrin bazarlarında operatorların coğrafiyasını genişləndirməyə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti