...

Azərbaycanda "Elektron hökumət"in vahid portalı yaradılır

Telekommunikasiya Materials 26 Noyabr 2010 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "Elektron hökumət"in vahid portalının yaradılması üzrə iş aparılır. Bu barədə Trend-ə cümə günü "SayberNet" şirkətinin baş direktoru İlham Namazov deyib.

Layihə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "SayberNet" şirkəti tərəfindən həyata keçirilir.

"Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək X-Road sisteminin prinsipindən istifadə olunacaq.

X-Road sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.

Namazovun sözlərinə görə, bu gün "Elektron hökumət"in vahid portalı vasitəsilə informasiya xidmətlərinin göstərilməsi üçün mərkəzin yaradılması üzrə işlər aparılır.

"Başa çatdırılması gələn ilin birinci rübünə nəzərdə tutulan hazırlıq işləri tamamlanandan sonra "Elektron hökumət" portalına mərhələlərlə respublikanın nazirlik və idarələri qoşulacaq. Portalın yaradılması nazirliklərin bir-biriləri ilə elektron şəkildə qarşılıqlı fəaliyyət göstərmələri sayəsində vətəndaşlardan tələb olunan sənədlərin sayını azaltmağa imkan verəcək", - Namazov vurğulayıb.

Nazirliklərin bir-biriləri ilə sıx fəaliyyəti üçün elektron rəqəmsal imzanın mövcudluğu lazım olacaq. Namazovun sözlərinə görə, rəqəmsal imzaların verilməsi üzrə mərkəz yaxın vaxtlarda təcrübi istismara hazır olacaq.

"Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi artıq elektron imzaların verilməsi mərkəzinin təşkili üzrə işi başa çatdırıb və biz bu gün onun praktiki tətbiqi üzərində iş aparırıq", - "SayberNet" rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti