Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Azərbaycanın ilk mobil rabitə operatoru olan Bakcell şirkəti "Əhatənin Üstün Dərəcəsi" adlı yeni kampaniyaya start verdiyini bəyan edib. Bu kampaniya ilk dəfə olaraq ötən həftə Bakıda keçirilən "BakuTel - 2010" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində nümayiş olunub.
Son iki il yarım ərzində Bakcell öz şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsinə 325 milyon dollar vəsait yatırıb. Məqsədyönlü sərmayə qoyuluşu nəticəsində şəbəkənin əhatə dairəsi 75%-dək artıb. Bu gün artıq fəaliyyətdə olan 2570 baza, 5600 mobil və 19 min ötürücü stansiyaların sayəsində Bakcell şəbəkəsi əhalinin 95%-ni, ölkə ərazisinin isə ucqar yerlər də daxil olmaqla 82%-dən çox hissəsini əhatə edir.
"Bakcell digər mobil operatorlar arasında son 3 il ərzində ən böyük sərmayə yatıran şirkətdir. Böyük sevinc hissi ilə bildirmək istərdik ki, biz Bakcell abunəciləri üçün dünya səviyyəli yüksək xidməti təmin edə biləcək müasir şəbəkəni qurmuşuq", - Bakcell-in baş icraçı direktoru xanım İneke Botter bildirib.
Bu gün Bakcell-in xidmətlərindən gündəlik istifadə edən aktiv abunəçilərin sayı 2 milyondan çoxdur. Bakcell mükəmməl əhatə dairəsinin, eləcə də yükcək səviyyəli müştəri xidmətlərinin və ən son tələblərə cavab verən mobil xidmətlərin təmin olunmasını bundan sonra da davam etdirmək niyyətindədir.
Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil ola və ya 555-ə zəng edə bilərsiniz.