Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/
"AzəriCard" prosessinq mərkəzi sistemin texniki yenilənməsinə başlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azəricard"ın Biznesin inkişafı şöbəsinin rəhbəri Cahangir Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, bununla əlaqədar "AzəriCard" prosessinq mərkəzinin işi oktyabrın 14-də saat 00:00-dan 06:00-dək tamamilə dayanacaq.
"Sistemin yenilənməsi üzrə işlər, daha doğrusu proqramın tərtibi planlıdır və ildə iki dəfə həyata keçirilir. Bu, istifadəçi interfeysində hansısa dəyişikliyi nəzərdə tutmur, sistemin özünün imkanlarının və gücünün artırılması, buraxılış qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilir ki, bu da öz növbəsində gələcəkdə bizə istifadəçilər üçün yeni məhsullar yaratmağa imkan verir", - o deyib.
Texniki işlərlə bağlı bankomatların, POS-terminalların, kartların, eləcə də elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.
Hazırda "AzəriCard" şəbəkəsində 1300 ədədə yaxın bankomat, altı min POS-terminal və iki milyondan artıq kart fəaliyyət göstərir.
Bu gün Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyəti olan "AzəriCard" həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yerləşən 30 banka xidmət göstərir. Azərbaycanda 44 bank fəaliyyət göstərir.