...

"Caspian Telecom" Azərbaycanın İKT bazarında qabaqcıl provayder şirkətinə çevrilib

Telekommunikasiya Materials 16 Mart 2012 10:00 (UTC +04:00)
2010-cu ildən etibarən həyata keçirilən islahatlar nəticəsində "Caspian Telecom" (CASTEL) Azərbaycanın İKT bazarında fəaliyyət göstərən qabaqcıl provayder şirkətinə çevrilib.
"Caspian Telecom" Azərbaycanın İKT bazarında qabaqcıl provayder şirkətinə çevrilib

Azərbaycan, Bakı, 16 mart /Trend/

2010-cu ildən etibarən həyata keçirilən islahatlar nəticəsində "Caspian Telecom" (CASTEL) Azərbaycanın İKT bazarında fəaliyyət göstərən qabaqcıl provayder şirkətinə çevrilib. Trend-in məlumatına görə, bu barədə mətbuata açıqlamasında "Caspian Telecom" MMC-nin direktoru Fuad Allahverdiyev bildirib.

Onun sözlərinə görə, hazırda CASTEL Azərbaycan ərazisində fəaliyyət göstərən ən genişmiqyaslı fiber-optik infrastruktura malik olan şirkətdir. Mərkəzi Bank, AGBank, Nikoil Bank, Access Bank, Kapital Bank və Azərbaycanda fəaliyyət göstərən 11-ə yaxın kommersiya bankı, bir sıra biznes və dövlət strukturları, o cümlədən, hotellər CASTEL-in tərəfdaşıdır. Azərbaycan Respubikası Dövlət Neft Fondu da CASTEL-in tərəfdaşıdır.

"CASTEL dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərə, bir sıra dövlət idarələrinə, həmçinin, qabaqcıl kommersiya banklarına İKT xidmətləri göstərir. Fiber-optik internet təminatı, fiber-optik xətlər və "Ethernet" şəbəkəsinin quraşdırılması, virtual özəl şəbəkələrin, Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sisteminin (SWIFT) quraşdırılması, sistemə çıxış və dəstək, videomüşahidə avadanlıqlarının quraşdırılması, şəbəkə təhlükəsizliyi və şəbəkə monitorinqi CASTEL-in müştərilərə təklif etdiyi xidmətlərdir", - Allahverdiyev əlavə edib.

"Caspian Telecom"un direktoru onu da qeyd edib ki, CASTEL öz fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edir.

"CASTEL ən son texnologiyalara əsaslanan avadanlıqların və proqram təminatının satışını və dəstəyini həyata keçirir. Şirkət, eyni zamanda, sistem inteqratoru kimi fəaliyyət göstərir və CISCO kimi iri şirkətlərin Azərbaycanda rəsmi partnyorlarından biridir. Bu əməkdaşlıq şirkətimizi Azərbaycanın seçilən şirkətləri sırasına daxil olmağa imkan verir", - o qeyd edib.

Onun sözlərinə görə, 1997-ci ildə təsis olunan şirkətin fəaliyyətində dönüş nöqtəsi kimi 2010-cu ili qeyd etmək olar. Məhz həmin ildə CASTEL Ailə TV şəbəkəsinin tərkib hissəsinə çevrilib.

"Həmin ildə şirkətin təsisçiləri dəyişib, şirkət daxilində bir sıra islahatlar aparılıb. Həyata keçirilən islahatlar nəticəsində şirkətin göstərdiyi xidmətin keyfiyyəti daha da artıb. Görülən işlərin nəticəsi olaraq, CASTEL-in təklif etdiyi xidmətlərin keyfiyyəti daha da artırılıb", - direktor vurğulayıb.

Fuad Allahverdiyev onu da bildirib ki, CASTEL Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sisteminin (SWIFT) Azərbaycandakı rəsmi tərəfdaşıdır.

"Şirkətimiz Azərbaycanda rəsmi SWIFT partnyoru kimi bir sıra xidmətlər təklif edir. SWIFT serverin quraşdırılması, SWIFT sisteminin yenidən quraşdırılması və ehtiyat SWIFT Serverin quraşdırılması, habelə SWIFT sisteminə giriş və dəstək, yeni relizlərlə bağlı tam miqrasiya həlləri, problemlərin həlli və müştərinin server və avadanlığına servis və xidməti CASTEL-in təkil etdiyi xidmətlərdir", - o qeyd edib.

Allahverdiyevin sözlərinə görə, CASTEL Azərbaycanda ən böyük fiber-optik şəbəkəyə malik İKT şirkətidir. Şirkətin balansında olan şəbəkənin çoxluğu imkan verir ki, ölkənin hər yerində şəbəkə avadanlığı quraşdırılsın və müştərilər fasiləsiz keyfiyyətli rabitə ilə təmin olunsun.

"Qeyd etdiyim üstünlüklər həmin şəbəkələrə texniki xidmətin göstərilməsini də asanlaşdırır. Bundan əlavə, CASTEL-in digər analoji şirkətlərdən əsas fərqi göstərilən xidmətlərin qiymətlərinin sərfəli olmasındadır", - Allahverdiyev deyib.

O, CASTEL-in dünyanın müxtəlif ölkələrində keçirilən İKT sərgilərində də yaxından iştirak etdiyini xatırladıb.

"Şirkətimiz dünyanın müxtəlif ölkələrində keçirilən İKT sərgilərində iştirak edir və həmin sərgilərdə nümayiş olunan ən qabaqcıl texnologiyalarla yaxından tanış olur. Bu texnologiyalar mütəmadi olaraq CASTEL-in fəaliyyətində tətbiq edilir. Ən yeni texnologiyaların tətbiqi CASTEL-in fəaliyyətində prioritet təşkil edir", - Allahverdiyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti