...

"Barama" layihəsi gənclərin İT sahibkarlığına dəstək verir

Telekommunikasiya Materials 10 İyul 2012 20:07 (UTC +04:00)
"Azercell Telekom" MMC bir qrup gənc proqramçıları mükafatlandırıb. İyulun 10-da şirkətin baş qərargahında "Barama" layihəsi çərçivəsində keçirilən müsabiqə qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
"Barama" layihəsi gənclərin İT sahibkarlığına dəstək verir

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Azercell Telekom" MMC bir qrup gənc proqramçıları mükafatlandırıb. İyulun 10-da şirkətin baş qərargahında "Barama" layihəsi çərçivəsində keçirilən müsabiqə qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

Şirkətdən Trend-ə verilən məlumata görə, mərasimdə Anar Cəfərzadənin yaratdığı "I love Azerbaijan" adlı Facebook oyunu birinci yerə, Arif Cavadovun yaratdığı "MafiaClan" adlı Facebook applikasiyası isə ikinci yerə layiq görülüb. Qaliblərə "Azercell Telekom" MMC-dən sertifikat və dəyərli hədiyyələr təqdim olunub.

"Barama" layihəsi çərçivəsində keçirilən müsabiqəyə ümumilikdə 57 iştirakçı müraciət edib. Müsahibə mərhələsində onlar arasında 8 ən güclü proqramçı seçilib. Təqdim edilən təşəbbüslər arasında Android, IOS, Symbian, Blackberry platformaları və Facebook üçün yazılmış applikasiyalar olub. Bu gənclərə Azercell-in İT mütəxəssislərinin köməyi ilə öz layihələrini reallaşdırmaq imkanı yaradılıb.

Seçim zamanı ideyanın və dizaynın orijinallığı, layihənin interaktivlik səviyyəsi və funksionallığına diqqət yetirilib. Növbəti mərhələyə keçən gənclər müsabiqə çərçivəsində öz təşəbbüslərini reallaşdırmaqla təcrübə qazanıblar, həmçinin müxtəlif platformaların iş prinsipi ilə yaxından tanış olublar. Onlara İT üzrə mütəxəssislərlə birbaşa işləmək, məsləhət almaq imkanı yaradılıb.

Müsabiqənin əsas məqsədi müxtəlif platformalar üçün proqram yazan gəncləri bir araya gətirməklə yerli mobil applikasiyalar bazarının inkişafına dəstək olmaqdır. Bu sahədə çalışan gənclərin inkişafına təkan verməklə Barama İnnovasiya Mərkəzi ümumilikdə ölkədə İKT sahəsinin inkişafına öz töhfəsini vermiş olur. Bundan əlavə, "Barama"da layihələrin icrası zamanı əldə edilmiş təcrübə gənc proqramçılara öz İT şirkətlərini yaratmaq üçün həvəsləndirici stimul kimi xidmət edir.

İki ildən çoxdur açılan Barama İnnovasiya Mərkəzi İT sahəsindəki gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verir. Bu müddət ərzində mərkəzin ofisində müxtəlif proqramlar həyata keçirilib, onlarla gənc hər gün yenilənən texnologiyalar sahəsində biliklərini artırmaq, təcrübə toplamaq imkanı qazanıblar.

Barama İnnovasiya Mərkəzində il boyunca layihə və ideyalar qəbul edilir, bəyənilən təşəbbüs müəlliflərinə onları gerçəkləşdirmək imkanı yaradılır.

Xəbər lenti

Xəbər lenti