Azərbaycan, Bakı, 10 dekabr /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırda vətəndaşlara 28 elektron xidmət göstərilir. Bu xidmətlərin 7-si interaktiv, 21 isə informativ elektron xidmətlərdir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə üçün qurumun www.economy.gov.az və nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış Elektron Xidmətlər Bölməsinə daxil olmaq və müvafiq e-xidmətdən istifadə etmək olar.
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən interaktiv e-xidmətlər (lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi, kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı, inzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi) Elektron Hökumət Portalında (www.e-gov.az) da yerləşdirilib.
2014-cü ilin yanvar-noyabr aylarında İqtisadiyyat və Sənaye Nazirliyinə malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün 12 700-dən çox, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün 80, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün 5, dövlət nəzarəti tədbirləri zamanı tətbiq edilən inzibati cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi üçün 58 elektron müraciət daxil olub.
Bu müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq onlayn rejimində təmin edilib.