...

Fransalı İT mütəxəssisləri "Neuron Technologies" şirkətində çalışacaqlar (FOTO)

Telekommunikasiya Materials 2 Aprel 2015 18:31 (UTC +04:00)
Bu gün Fransa ali təhsil müəssisələrinin Azərbaycana səfəri çərçivəsində Fransanın Kompüter Elmləri Universitetinin (EPITA - Gradute School of Computer Science) icraçı direktoru Joel Kurtua ilə "Neuron Technologies" şirkətinin nümayəndələri arasında şirkətin ofisində görüş keçirilib.
Fransalı İT mütəxəssisləri "Neuron Technologies" şirkətində çalışacaqlar (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bu gün Fransa ali təhsil müəssisələrinin Azərbaycana səfəri çərçivəsində Fransanın Kompüter Elmləri Universitetinin (EPITA - Gradute School of Computer Science) icraçı direktoru Joel Kurtua ilə "Neuron Technologies" şirkətinin nümayəndələri arasında şirkətin ofisində görüş keçirilib.

Görüş zamanı şirkətin rəhbəri İsmayıl Ələkbərov Neuron Technologies-in ölkəmizdə ən sürətli inkişaf edən İT şirkətlərindən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizdə İKT üzrə həyata keçirilən fəaliyyət, informasiya texnologiyalarının inkişaf dinamikası, şirkətin həyata keçirdiyi uğurlu layihələr və gələcək perspektivlər barədə söhbət açıb.

J.Kurtua Fransa universitetindəki mövcud təhsil proqramları, elmi tədqiqat imkanları barədə məlumat verib.

Görüş zamanı "Neuron Technologies" şirkəti ilə EPITA arasında yaxın gələcəkdə əməkdaşlığa başlanması qərarına gəlinib. Əldə olunan razılaşmaya görə, yuxarı kurs fransız magistr tələbələr "Neuron Technologies" şirkətində 5 aylıq staj keçmək və konkret layihələrə qatılmaq üçün Bakıya gələcəkdir. Bu proses bu ilin sonlarında gözlənilir. Eyni zamanda, "Neuron Technologies" şirkətinin əməkdaşları kompüter elmləri, o cümlədən proqram təminatı, kiber təhlükəsizlik, sistem inteqrasiyası üzrə müxtəlif sahələr üzrə təhsil almaq və elmi tədqiqatlarda iştirak etmək üçün Parisə yollanacaqlar. Universitetin Kodlaşdırma Akademiyasında yerli şirkətimizin mütəxəssisləri müasir kompüter texnologiyaları üzrə kurslarda iştirak edəcək. Bu cür razılaşma "Neuron Technologies" şirkətinin qloballaşma strategiyasının həyata keçirilməsinə töhfə verəcək. Həmçinin, Fransa təhsil müəssisələri ilə əməkdaşlıq vasitəsilə Avropanın mütərəqqi texnologiyalarının, nou-haunun ölkəmizə transferi prosesinin sürətlənməsinə də kömək edəcək.

Görüşdə Fransa səfirliyinin nümayəndəsi də iştirak edib.

Qeyd edək ki, EPITA kompüter elmləri və texnologiya sahəsində dünyanın ən məşhur universitetlərindən biri hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti