Bakı. Trend:
SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Çinin “Huawei” şirkəti arasında “Huawei IT Akademiyası”nın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov dünyanın aparıcı telekommunikasiya şirkətlərindən biri olan “Huawei” şirkətinin bu Akademiyanı Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində yaratmasından məmnunluğunu ifadə edib. Rektor bildirib ki, “Huawei IT Akademiyası” müəllim və tələbələr üçün informasiya texnologiyaları sahəsində müxtəlif modulların onlayn tədrisinə xidmət edəcək və BANM tələbələri burada ödənişsiz iştirak etmək imkanına malikdirlər: “Bakı Ali Neft Məktəbi ilə “Huawei” şirkəti arasında əməkdaşlıq 2019-cu ildən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində “Huawei” şirkəti BANM-i kompüter şəbəkələri laboratoriyasının qurulması üçün istifadə oluna biləcək avadanlıqlarla təchiz edib. Tələbələrimiz də “Huawei” şirkətinin keçirdiyi müsabiqələrdə, layihələrdə uğurla iştirak edir, mükafatlar qazanırlar. Belə layihələrdən biri şirkətin onlayn rejimdə təşkil etdiyi və 130-dan çox ölkənin 500-ə yaxın universitetindən tələbələrin qatıldığı 5-ci “Gələcəyin toxumları” proqramıdır. Layihədə Azərbaycandan 30 tələbə iştirak edib ki, onun 15-i BANM tələbəsi olub. “Huawei IT Akademiyası” isə bizim uğurla başlayan əməkdaşlığımızın yeni inkişaf mərhələsidir”.
“Huawei Technologies Azerbaijan” MMC-nin Baş direktoru David Şü Bakı Ali Neft Məktəbi ilə faydalı əməkdaşlıq həyata keçirildiyini bildirib və imzalanan bu müqavilə ilə əməkdaşlığın daha da inkişaf edəcəyini vurğulayıb. O deyib ki, dünyanın müxtəlif ölkələrində 1900-dən çox “Huawei IT Akademiyası” fəaliyyət göstərir və Bakı Ali Neft Məktəbi bu istiqamət üzrə Azərbaycanda ilk tərəfdaşdır: “Huawei IT Akademiyası” Azərbaycanda ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində fəaliyyət göstərəcək”.
Sonra Azərbaycan üzrə Baş direktor David Şü “Huawei IT Akademiyası”nın təsis olunması ilə bağlı sertifikatı BANM-in rektoru Elmar Qasımova təqdim edib.
Tədbirdə 71-ci “Huawei IT yarışması”nın yarımfinal mərhələsinə keçmək hüququ qazanmış tələbələr - BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Roman Tolstoşeyev və Aytac Kazımlı çıxış edərək Akamediyanın tələbələr üçün faydalı olacağını bildirib və yoldaşlarını burada fəal iştiraka çağırıblar.