Bakı. Trend:
Texnologiyalar dünyasındakı bütün müasirlik trendlərinə riayət edən "ASUS" brendi "Copilot+" standartlı ilk kompüter olan "Vivobook S 15" buraxmaqla süni intellekt dünyasına nəhəng addım atıb.
"ASUS"un yeni noutbuku həm süni intellektin aparıcı texnologiyalarını, həm də üstün təsvir, yüngüllük və mobilliyi, eləcə də, fərdi tərzi özündə birləşdirib
"Vivobook S 15" sinfinin ilk "Copilot +" standartlı ilk kompüteridir. İnnovativ noutbukun üç əsas komponenti xüsusi süni intellekt sürətləndiricisi, "Windows" əməliyyat sistemi səviyyəsində süni intellekt texnologiyalarının dəstəklənməsi, eləcə də süni intellekt əsaslı "ASUS" tətbiqidir.
"Vivobook S 15" daxili "Qualcomm AI Engine" neyroprosessoru ilə təchiz olunmuş ultramüasir və güclü "Qualcomm Snapdragon X Elite" prosessoruna malikdir. Sonuncu saniyədə 45 trilyon əməliyyat (TOPS) generasiya edə bilir ki, bu da süni intellekt alqoritmlərini sürətli və səmərəli hesablamaq üçün lazım olan 40 TOPS minimum göstəricisini ötür.
Cihazın klaviaturasında artıq süni intellektə malik rəqəmsal assistenti tez çağırmaq üçün "Copilot" klavişi var. Süni intellektə malik köməkçi axtarışla bağlı işinizi asanlaşdıracaq, həmçinin sizi maraqlandıran suallara cavab verəcək.
"Vivobook S 15"də, həmçinin, "ASUS"dan süni intellektə malik çox sayda tətbiqlər var. Bunlara həm multimedia ilə işləmək, həm də bütünlükdə rahat və təhlükəsiz işləmək üçün tətbiqlər daxildir.
Dəbli və yüngül olan bu yeni noutbuk 15 düymlük "ASUS Lumina OLED" displeyi ilə təchiz olunub. Rəng ötürülməsinin yüksək dəqiqliyi, eləcə də, "OLED" displeyin təsvirin tənzimlənməsi ilə bağlı intellektual funksiyaları sizə multimedia fayllarının üstün keyfiyyətindən və detalizasiyadan zövq almaq imkanı verəcək ki, bu da foto və video redaktə proqramları ilə işləməyə və ya yüksək keyfiyyətdə məzmun izləməyinizə şərait yaradacaq.
Üstəlik, "OLED" displeylər cüzi miqdarda zərərli göy rəng buraxır ki, bu da qadcetlə uzun müddət işləməyinizə imkan verəcək. "Vivobook S 15" displeyinin 3K rezolyusiyaya və 120 Hz yenilənmə tezliyinə malik olması da böyük üstünlükdür.
Noutbuk həm də 32 qiqabayta qədər ikikanallı operativ yaddaş, 1 terabayta qədər yüksək sürətli SSD toplayıcı, eləcə də əvvəlki nəsildən əhəmiyyətli dərəcədə sürətli olan "WiFi7" standartlı "Qualcomm Fast Connect 7800" simsiz modulu kimi digər yüksək effektivliyə malik komponentlərlə təchiz olunub.
"VivobookS 15"un üstünlükləri çoxdur. Misal üçün, cihazı 180 dərəcə açaraq yarı uzanıqlı vəziyyətdə və ya birgə işləmək üçün masanın üzərində istifadə etmək mümkündür. Bundan başqa, qadcet zövqünüzə uyğun olaraq tənzimlənə bilən təkzonalı "RGB" işıqlandırmaya malik "ASUS Ergo Sense" klaviaturası ilə təchiz olunub.
Süni intellekt funksiyaları ilə zəngin cihazın akkumulyatorunun tutumu 70 Vt-saatdır, batareyanın xidmət müddəri isə tam 20 faiz artırılıb. Eyni zamanda noutbukun 49 dəqiqə ərzində 0-dan 60 faizədək sürətləndirilmiş şarj müddəti vaxtınıza qənaət etməyə və işinizə ayırmağa imkan verəcək.
Yeni "Vivobook S 15"da cihazın avtonom rejimdə maksimum işləmə müddəti də artırılıb. Belə ki, sələfi ilə müqayisədə avtonom rejimdə maksimum işləmə müddəti tam üç saat artırılaraq 18 saata çatdırılıb.
Rahatlığınız üçün "ASUS", həmçinin, cihazı tam interfeys dəsti ilə təchiz edib. Buraya "USB-A" portları, tamölçülü "HDMI" çıxışı və şarj və ekran dəstəyinə malik iki "Thunderbolt 4/USB Type-С", eləcə də "microSD" kart oxuyucusu daxildir.
Geniş funksiyalarına və yüksək məhsuldarlığına baxmayaraq, qadcetin bütöv metal korpusu 14,7 mm qalınlığa və 1,42 kiloqram çəkiyə malikdir. Bundan əlavə, yeni "Vivobook S 15" "MIL-STD-810" hərbi standartı üzrə möhkəmlik sınağından keçib ki, bu da noutbuka adi gündəlik şəraitdə istifadə zamanı xeyli davamlılıq verir.
Yekun olaraq demək olar ki, möhtəşəm komponentlərlə, o cümlədən süni intellektlə təchiz olunmuş, dəbli, güclü və eyni zamanda, yüngül və incə "ASUS Vivobook S 15" mükəmməldir və şübhəsiz, fəaliyyət istiqamətinizdən asılı olmayaraq sizin üçün ən yaxşı seçimdir.
(Tərcümə: Rəna Əbdürəhmanova)