Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.
Sənədə əsasən, Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC (bundan sonra - Cəmiyyət) “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə yaradılıb.
Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aşağıdakı səlahiyyətlər həvalə edilib:
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Cəmiyyətin icra orqanının rəhbərinin və onun müavininin (müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Cəmiyyətin strukturunun, işçilərinin say həddinin və əməkhaqqı sisteminin müəyyən olunması;
- Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
- Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Cəmiyyətin tabeliyində hüquqi şəxs statuslu qurumların (törəmə və asılı cəmiyyətlərin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi;
- Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi;
- Cəmiyyətin xərclər smetasının təsdiq edilməsi;
- Cəmiyyətin icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- Cəmiyyətin müşahidə şurasının seçilməsi və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
- Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiq edilməsi, onun mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
