Azərbaycanda mobil rabitə operatoru olan "Azercell Telecom" BM bu gün yeni veb-saytının təqdimat mərasimini keçirib. Trend in xəbər verdiyi kimi, bu, şirkətin təqdim etdiyi üç yenilikdən biridir.
www.azercell.com ünvanında yerləşən sayt müasir dizayna malikdir. Səhifədə tarif paketləri, xidmətlər, kampaniyalar barədə informasiya və digər zəruri innovasiyalar yerləşdirilib.
Saytın başlıca üstünlüyü ondan ibarətdir ki, onun vasitəsi ilə müştərilərə virtual xidmətlər göstəriləcək. Saytın xidmətlərindən istifadə etməklə:
- gün ərzində pulsuz 10 SMS göndərmək;
- balans haqqında məlumat almaq;
- 24 saata öz xəttini bağlamaq;
- PUK kodu öyrənmək;
- "Azercell"in yeniliklərinə abunə olmaq;
- elektron poçt ünvanı üçün faktura əldə etmək;
- təyin olunmuş kredit-limiti azaltmaq;
- "KonturCELL" xidmətini aktivləşdirmək və söndürmək mümkündür.
Bununla yanaşı, şirkət "Simurg" yeni xidmətini də təqdim edib. Bu xidmət "LiveScreen" texnologiyası əsasında hazırlanıb. "Simurg" fərdi informasiya vasitəsidir. Belə ki, bütün lazım olan faydalı informasiya, yeniliklər, musiqi, əyləncələr birbaşa mobil telefonun ekranına ötürüləcək.