Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Sony Ericsson şirkəti bu ilin II maliyyə rübündə 24,9 milyon ədəd telefon istehsal edib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, telefon istehsalında 59 faiz artım müşahidə olunub. Şirkətin vergi ödənişlərindən öncəki gəlirləri 55 faiz artaraq 327 milyon avroya çatıb. Rüb ərzində 9 milyon ədəd Walkman telefonu satılıb
Sony Ericsson musiqili telefonlar bölümü üzrə dünya lideri mövqeyini daha da möhkəmləndirib. Şirkət bölmələrini və marketinq şəbəkələrini də genişləndirməkdə davam edib.
Şirkətin satış həcmi 3 milyard 112 milyon avroya yüksəlib ki, burda da ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artım qeydə alınıb. Sony Ericsson-un xalis gəliri isə 220 milyon avro təşkil edib.
Rüb ərzində Sony Ericsson Latın Amerikasında, Şimali, Mərkəzi və Şərqi Avropada, Yaxın Şərqdə, Afrikada bazar payını W300, W200, K310, Z310 kimi telefonların hesabına xeyli artırıb.
Sony Ericsson 2007-ci ildə dünya telefon bazarına 1 milyarddan çox telefon çıxarmağı proqnozlaşdırır. Şirkət ikinci rüb ərzində bazar payını 3 faiz artırdığı halda, ilin sonunadək bu rəqəmi 9 faizə yüksəltməyi planlaşdırır.
Sony Ericsson Mobile Communications - 2001-ci ildə İsveçin Ericsson və Yaponiyanın Sony elektron texnika şirkəti tərəfindən yaradılmış birgə müəssisədir. Şirkət Sony Ericsson markalı telefon və aksesuarlar istehsal edir. Mənzil qərargahı London şəhərində yerləşir.