Bakı. Trend:
Polşanın paytaxtı Varşava şəhərində “Varşava Azərbaycanlılar Birliyi” (VAB) tərəfindən “Turizm Sərgisi - İstiqamət Azərbaycan!” adı altında Azərbaycanın Polşadakı səfirliyində turizm sərgisi təşkil olunub.
Diasporla iş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, sərgidə Azərbaycanın turizm potensialı haqqında Polşa ictimaiyyətinə məlumat verilib, müxtəlif video-çarxlar göstərilib.
Turizm sərgisinin təşkilatçısı, "Varşava Azərbaycanlılar Birliyi"nin sədri Rəsul Məmmədov bildirib ki, Azərbaycan istər tarix, istərsə də mədəniyyət baxımından olduqca zəngindir. Məhz elə bu səbəbdəndir ki, hər bir əcnəbi vətəndaşın turistik istiqamət xəritəsində Azərbaycan mütləq şəkildə olmalıdır.
Qeyd olunub ki, "ASAN Viza" xidməti qonaqların rahatlığını tam təmin edir və minimum 3 saat maksimum 3 iş günü ərzində onlayn vizanın verilməsi prosedurunu həyata keçirir.
Tədbir iştirakçılarına sonda səfirlik tərəfindən təqdim edilən müxtəlif kitablar və məlumat broşürləri paylanılıb. Tədbirdə polyaklarla yanaşı, italyanlar və ukraynalılar da iştirak edib.