Bakı. Trend:
Son 20 il ərzində Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar mövzusunda forumunda deyib.
"Eyni zamanda, mehmanxana və hostel tipli müəssisələrdə gecələmələrin sayı təqribən 8 dəfə artıb. Turizm sektorunda işçilərin sayı 6,5 dəfə, ümumi məşğulluq isə 4,1 dəfə artıb", - o deyib.
ATAA sədri turizmin Azərbaycanda ümumdaxili məhsulda payının son 20 il ərzində 0,7 faizdən 3,3 faizədək artdığını qeyd edib.
Qeyd edək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) 2019-cu il mart ayının 28-də təsis edilib və iyun ayının 27- də geniş ictimaiyyətə təqdim olunub. Qurumun əsas fəaliyyət istiqaməti Azərbaycanın turizm sənayesinin formalaşmasında aktiv iştirak etmək, turizm agentliklərinin vahid platformasını yaratmaq, onlar arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, eləcə də üzvlərin maraqlarının qorunmasını təmin etmək, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətini artırmaqdır. Hazırda Assosiasiyanın Azərbaycanın turizm bazarında öz fəaliyyəti, peşəkarlığı və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından seçilən 138 üzvü var.
(Tərcümə: Rəna Əbdürəhmanova)