Bakı. Trend:
Azərbaycan bu ilin mayın 27-29-da Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “İTB China 2025" beynəlxalq turizm sərgisində iştirak edəcək.
Trend xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyində müvafiq işlərə start verilib.
Belə ki, agentlik hazırda sərgidə iştirakla bağlı açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərini yerinə yetirəcək şirkət axtarışındadır.
Eyni zamanda, agentlik sözügedən işlərin müqabilində şirkətə 219,3 min manat ödəməyə hazır olduğunu da bildirir.
Qeyd edək ki, “ITB China” Çin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən biridir. Bu tədbir beynəlxalq turizm istiqamətlərini, xidmət təminatçılarını və Çinli alıcıları bir araya gətirərək, unikal biznes əlaqələrinin qurulması, yeni trendlərin öyrənilməsi və səyahət təkliflərinin nümayişi üçün geniş imkanlar təqdim edir. Üç gün ərzində sərgi dünya səviyyəli alıcıları və sərgi iştirakçılarını bir araya gətirərək, şəbəkələşmə, fikir mübadiləsi və Çinli turistlərin dəyişən maraqlarını kəşf etmək üçün mükəmməl şərait yaradır. Bu tədbir qlobal turizm sənayesində öz mövqeyini gücləndirmək istəyənlər üçün vacib bir platformadır.