...

Selin Şenocak: 20 Yanvar Azərbaycanın qəhrəmanlıq dastanıdır

Nəzər nöqtəsi Materials 20 Yanvar 2018 08:00 (UTC +04:00)
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda yazdığı qəhrəmanlıq dastanı, eyni zamanda bütün dünyaya göstərdiyi sarsılmayan milli iradədir.
Selin Şenocak: 20 Yanvar Azərbaycanın qəhrəmanlıq dastanıdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda yazdığı qəhrəmanlıq dastanı, eyni zamanda bütün dünyaya göstərdiyi sarsılmayan milli iradədir.

Bunu Trend-ə Türkiyənin Strateji Araşdırmalar Diplomatik Mərkəzinin rəhbəri və Paris Universitetinin mədəni diplomatiya kafedrasının müdiri Naciye Selin Şenocak deyib.

S.Şenocak qeyd edib ki, 1990-cı il 20 yanvarda müdafiə mexanizmlərindən məhrum edilən Azərbaycan xalqının azadlıq uğrunda başladığı milli mübarizəsi boğulmağa cəhd edildi:

"20 Yanvar faciəsi dağılmaq üzrə olan SSRİ-də erməni quldur dəstələrinin təşəbbüsü ilə dörd bir tərəfdən mühasirə olunan Azərbaycanda törədilən ən böyük soyqırımlardan biridir. Təəssüflər olsun ki, tarixə qara hərflərlə həkk olunan bu faciə Qərbin də göz yumduğu faciələrdən biridir".

S.Şenocak onu da bildirib ki, bu gün siyasi vəziyyət dəyişmiş olsa da, Azərbaycanın 20 % torpağı hələ də Ermənistan işğalı altındadır: "Dağlıq Qarabağ məsələsinə ATƏT və Birləşmiş Millətlər Təşkilatı ikili standartlarla yanaşaraq, münaqişənin həlli üçün dəstək göstərmək əvəzinə, uzanmasına səbəb olurlar".

O hesab edir ki, ATƏT və Birləşmiş Millətlər Təşkilatı ciddi addımlar atmadıqca, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayacaq və Ermənistan işğalçı mövqeyindən əl çəkməyəcək: "1980-1990-cı illərdə Ermənistana dəstək olan qüvvələr bu gün də var. Bu qüvvələr bölgədə stabilliyin olmasını istəmirlər. Bölgədə stabilliyin olması Azərbaycanın regional gücünün daha da artması deməkdir ki, bu da həmin qüvvələrin maraqlarına ziddir".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti