Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan-Türkiyə dostluq münasibətləri digər ölkələrin əleyhinə deyil.
Trend-in məlumatına görə, bunu Türkiyənin insan hüquqları üzrə müvəkkili (ombudsman) Şərəf Malkoç VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunun "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə" adlı sessiyasında deyib.
O bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon ermənilər tərəfindən işğal edilib. Buna görə də Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Bu problemin sosial sıxıntısı da var:
“Türkiyə 3 milyon suriyalı qaçqına qapılarını açdı. Onların ailə üzvlərinin bir hissəsi müharibədə həlak olub. Bu fəlakətdir. Türkiyə bu problemlərin aradan qaldırılması ilə bağlı addımlar atır”.
Ombudsman vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri var:
“Hər iki ölkənin prezidentləri bu yaxın münasibətləri bütün sahələrdə nümayiş etdirirlər. Bu dostluq münasibətləri digər ölkələrin əleyhinə deyil”.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.