...

Iran parlamenti qədim Azərbaycan torpaqlarını əks etdirən xəritəyə etirazını bildirib (yenilənib)

Dünya xəbərləri Materials 23 Oktyabr 2007 19:02 (UTC +04:00)
Iran parlamenti qədim Azərbaycan torpaqlarını əks etdirən xəritəyə etirazını bildirib (yenilənib)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu, S.İlhamqızı/ Iran parlamenti Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən hazırlanan və Azərbaycanın qədim torpaqlarını əks etdirən atlas xəritəsinə etirazını bildirib.

Atlasda qədim Azərbaycan ərazilərinin, o cümlədən, hazırda İranın tərkibində olan cənubi Azərbaycanın xəritəsi verilib.

İranın Milli Məclisində həmin xəritəyə etiraz olaraq, İranın xarici işlər naziri Mənuçöhr Müttəkiyə müraciət olunub.

İranın İRNA agentliyinin oktyabrın 23-də yaydığı məlumata əsasən, İran parlamentinin 21 deputatı Bakıda nəşr olunan xəritəyə etiraz olaraq, bəyanat veriblər. Bəyanatın mətnini İran parlamentinin sədri Həddad Adel Milli Məclisin iclasında oxuyub. Millət vəkilləri xəritədə İran ərazilərinin Azərbaycan topraqları kimi göstərilməsinə etiraz olaraq, Azərbaycanın Tehrandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını və ona nota verilməsini tələb ediblər.

İranın İSNA agentliyinin yaydığı məlumata əsasən, oktyabrın 7-də İranın Milli Təhlükəsizlik Komissiyasının sədri Əlaəddin Burucerdi (Alaaddin Boroujrdi) Azərbaycanda sözügedən atlas xəritəsinin yayılmasına etiraz edərək bildirib ki, bu xəritədə İranın və digər qonşu ölkələrin ərazilərinin Azərbaycan torpaqları kimi göstərilməsi "ABŞ və sionizmin bölgədə yürütdüyü siyasətin göstəricisidir".

İranın İSNA agentliyinin yaydığı məlumata əsasən, Burucerdi İranın qonşu ölkələrin ərazi bütünlüyünə hörmətlə yanaşdığını deyib. "Əgər ərazi iddiası söhbətləri ortalığa gəlsə, birinci növbədə, İrandan ayrılmış ərazilər geri qaytarılmalıdır"- deyə, Burucerdi bildirib. Burucerdi "İrandan ayrılmış ərazilər" deyəndə, Azərbaycanı nəzərdə tutur.

Azərbaycan Tarix İnistutunun direktoruYaqub Mahmudov bildirib ki, bu xəritə Azərbaycanın orijinal xəritəsidir və orada tarix boyu ədalətsiz qərarlar nəticəsində Azərbaycandan ayrılmış ərazilər göstərilib. Mahmudov əlavə edib ki, yaxın gələcəkdə bu xəritə rus və ingilis dillərində dünyanın bir çox ölkələrində yayılacaq.

Mövzu ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, xəritə məsələsinə dair İrandan heç bir rəsmi nota və ya etiraz almayıblar. O, əlavə edib ki, əgər həqiqətən də, İranın Milli Təhlükəsizlik Komissiyasının sədri Burucerdi yuxarıda göstərilən fikri səsləndiribsə, onun iddiası həqiqətə uyğun deyil: "Mən İranın parlamentarilərini daha məsuliyyətli olmağa və belə ifadələr söyləməkdən çəkinməyə çağırıram"-deyə Xəzər İbrahim bildirib.

Azərbaycan tarixçilərinin yazdığına görə, 19-cu əsrdə İranla Rusiya arasında gedən müharibənin sonunda, tərəflər arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" "sülh müqavilələri" ilə, Azərbaycan bu iki ölkə arasında bölüşdürülüb. Araz çayı sərhəd götürülərək, çayın şimalı çar Rusiyasına, cənub hissəsi İranın tərkibinə verilib. Azərbaycan 200 illik istiladan sonra (əvvəlcə Çar Rusiyası, sonra SSRİ-nin tərkibində olub) 1991-ci ildə öz müstəqilliyini elan edib. Lakin sərhədləri cənubdan Araz çayı ilə, yəni İranla məhdudlaşır. Araz çayının cənubundakı torpaqlar isə, indi də İranın tərkibindədir.

Xəbər lenti

Xəbər lenti