ABŞ-da Ağ evin maliyyə sektoruna yardım məqsədi ilə bağlı planına qarşı etiraz aksiyaları başlayıb. RİA Novosti agentliyinin True Majority saytına istinadən yaydığı xəbərə görə, 700 milyardlıq plana qarşı etiraz aksiyalarında müxtəlif təşkilatlar iştirak edir.
Bruklin körpüsündən Wall Street küçəsinə doğru irəliləyən etirazçıların əllərində "Zibilə görə heç bir pul ödənməz!" ("No cash for trash!") yazılmış şüarlar olub. Buraya həmçinin Nyu-York Həmkarlar İttifaqının mərkəzi şurasının fəalları gəliblər. CNN telekanalının xəbərinə görə, maliyyə rayonunda etirazlar geniş xarakter alıb.
İctimai təşkilatların məlumatına görə, cümə axşamı ABŞ-ın 41 ştatında 251 etiraz aksiyası keçirilib. Bu aksiyalarda həmkarlar, True Majority və UsAction, eləcə də Democracy for America və Association of Community Organizations for Reform Now kimi qeyri-hökumət təşkilatları iştirak edib.