Braziliyanın San-Paulo şəhərində tətil edən mülki polis əməkdaşları ilə hərbi mühafizə dəstələri arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı 20-dən çox insan xəsarət alıb. Bu barədə yerli KİV məlumat verir.
"RİA Novosti"nin verdiyi xəbərə əsasən, şahidlərin sözlərinə görə, Morumbi rayonunda münaqişə, tətilçi polislərin San-Paulo hökumətinin qərargahına daxil olmağa cəhd göstərməsi və nümayiş rayonunda qayda-qanun yaratmaq üçün çıxarılan hərbi polis dəstəsinə hücum etməsindən sonra baş verib. Cavabında onlara qarşı gurultulu qranatlar, rezin güllələr və gözyaşardıcı qazdan istifadə olunub.
Həkimlər onlarla insanın xəsarət aldığını bildirirlər. Onların əksəriyyəti rezin güllələrdən yaralanıb. Nümayişin bir neçə iştirakçısı əl və üzlərində ikinci dərəcəli yanıq xəsarəti ilə tibbi yardıma müraciət edib. Ağır yaralı və ölənlər barədə məlumat yoxdur.
San-Paulo mülkü polis müstəntiqləri artıq neçə aydır tətil edir. Onların əsas tələbi 2008-ci ildə əmək haqlarının 15 faiz artırılması ilə bağlıdır. Həmkarlar İttifaqının liderləri bildirirlər ki, onlar cari ilin fevral ayından öz problemlərini həll etmək üçün qərargah rəhbərləri ilə görüşə nail ola bilmirlər.